AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 25 , 2017, Cümə axşamı - 03:43

Doktorantura

Doktorantura

 

      Azərbaycan   Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktoranturasına 1999-cu ildən fəlsəfə doktoru proqramı üzrə, 2012-ci ildən elmlər doktoru proqramı üzrə doktorant və dissertantların qəbulu həyata keçirilir.

     Azərbaycan    Respublikasının    Nazirlər  Kabineti   1 iyul 2010-cu il  tarixində  “Doktoranturaların yaradılması  və  doktoranturaya qəbul Qaydaları  haqqında” 129   nömrəli və    15  mart   2012-ci il  tarixində “Ali   təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi  haqqında 65 nömrəli qərarlar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli  qərarına əsasən aspirantura pilləsi elm sahələri üzrə fəlsəfə doktoru hazırlayan doktorantura ilə əvəz olunmuş, 2012-ci il 15 mart tarixli qərarına əsasən doktorantura səviyyəsi üzrə ixtisasların adı və şifrələri dəyişdirilmişdir. Dövlət İdarəçilik Akademiyası doktoranturaya qəbulu Azərbaycan Nazirlər Kabinetinin qəbul etdiyi qərar və Təhsil Nazirliyinin göstərişləri əsasında həyata keçirir.

   DİA-da doktoranturanın əyani  və   qiyabi şöbələrinə qəbul büdcə   hesabına, dissertanturaya  qəbul isə ödənişli əsaslarla aparılır. Ödənişli əsaslarla nəzərdə tutulmuş yerlərin təhsil haqqı Dövlət İdarəçilik Akademiyası ilə dissertant  arasında bağlanan müqavilə əsasında tənzimlənir.

      Doktoranturanın əyani və qiyabi şöbələrində və dissertanturada 1999-cu ildən 2013-cü ilə qədər 4 istiqamət  (Siyasi elmlər, İqtisad elmləri, Hüquq elmləri və Tarix)  9 ixtisas (Beynəlxalq münasibətlər, Siyasi institutlar və sistemlər, Siyasi nəzəriyyə, Dövlət idarəçiliyi, Sənayenin təşkili və dövlət siyasəti, Müəssisələrin təşkili və idarə olunması, Sahə iqtisadiyyatı, Beynəlxalq münasibətlər tarixi, Konstitusiya hüququ; bələdiyyə hüququ) üzrə qəbul keçirilmişdir. 2014-cü ilin qəbul planına Siyasi elmlər istiqaməti üzrə “İctimai fikir” və İqtisad elmləri  istiqaməti üzrə “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası əlavə olunmuşdur.

     Dövlət  İdarəçilik Akademiyasının   doktoranturasının əyani və qiyabi şöbələrində və dissertanturada hal-hazırda 4 istiqamət (Siyasi elmlər, İqtisad elmləri, Hüquq elmləri və Tarix) və 11 ixtisas (Beynəlxalq münasibətlər, Siyasi institutlar və sistemlər, Siyasi nəzəriyyə, Dövlət idarəçiliyi, İctimai fikir, Sənayenin təşkili və dövlət siyasəti, Müəssisələrin təşkili və idarə olunması, Sahə iqtisadiyyatı, Daxili fiskal siyasət və dövlət maliyyəsi, Beynəlxalq münasibətlər tarixi, Konstitusiya hüququ; bələdiyyə hüququ) üzrə doktorant və dissertant təhsil alır. Hazırda Akademiyada fəlsəfə doktoru proqramı üzrə 56 doktorant (16 əyani, 40 qiyabi), 28 dissertant və elmlər doktoru proqramı üzrə 7 dissertant elmi-tədqiqat işi üzərində çalışır.

      Dövlət İdarəçilik Akademiyasının müvafiq   kafedralarında doktorant və dissertantlar  ildə bir dəfə   attestasiyadan keçirlər.   Hər ilin may ayında Akademiyada   doktorant və dissertantların elmi konfransı keçirilir. DİA-nın doktorant və dissertantları Təhsil Nazirliyi tərəfindən keçirilən Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransında, xarici ölkələrin elmi jurnallarında məqalələrlə çıxış edirlər. Akademiyada doktorant və dissertantlara 2015-ci ildən  “İctimai elmlərdə araşdırma metodları və akademik yazı” və “Fəlsəfə” dərsləri tədris olunur.

 

 

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration