AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 25 , 2017, Cümə axşamı - 03:44

Beynəlxalq əlaqələr

Akademiyanın beynəlxalq əlaqələri

Akademiya  hökumətlərarası  sazişlər, ali təhsil müəssisələri ilə, xarici idarə və  təşkilatlarla  qanunvericiliyə uyğun olaraq bağladığı müqavilələr, dövlət qulluğu kadrlarının hazırlanması məsələləri üzrə beynəlxalq və milli birliklərin, idarələrin və təşkilatların layihələri çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin əlaqələndirdiyi beynəlxalq əməkdaşlıq proqramları əsasında beynəlxalq əməkdaşlığı həyata keçirir.

Akademiya beynəlxalq əməkdaşlığı aşağıdakı formalarda həyata keçirir:

Akademiyanın tədris prosesində və elmi işində iştirak etmək üçün xarici müəllim və mütəxəssislərin dəvət olunması;

Akademiyanın müəllimlərinin xarici təhsil müəssisələrinə pedaqoji və elmi işə göndərilməsi;

birgə elmi tədqiqatların aparılması;

xarici vətəndaşlara təhsil verilməsi;

Akademiyanın işçilərinin, Akademiyada təhsilalanların xaricə oxumağa və təcrübə əldə etməyə göndərilməsi;

xarici vətəndaşlara məsləhət xidmətlərinin göstərilməsi;

Akademiyanın tədris və elmi fəaliyyətinin istiqamətləri üzrə beynəlxalq konqreslərin, konfransların, simpoziumların, iclasların təşkil edilməsi və bunlarda iştirak edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada beynəlxalq assosiasiyaların, təşkilatların fəaliyyətində iştirak edilməsi.

Akademiya Nizamnaməsinə uyğun olaraq dünyada dövlət idarəçiliyi sahəsində elmi yenilikləri daim müşayət edir, onları öyrənir, xarici ölkə universitetləri ilə əlaqələr qurur, beynəlxalq təcrübə mübadilələrində iştirak edir.          Akademiyanın beynəlxalq əməkdaşlığı xarici universitetlərlə  müəllim  və  tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması, elmi-metodiki materialların mübadiləsi, beynəlxalq qrant layihələrində iştirak, o cümlədən Azərbaycanda təmsil olunan səfirlikiərin elm-təhsil bölmələri və müxtəlif  beynəlxalq qurumların nümayəndəlikləri ilə elmi əməkdaşlığı əhatə edir.

Akademiyanın xarici ölkə universitetləri, elmi mərkəz və təşkilatlarla imzaladığı Saziş, Memorandum və Anlaşma Protokollarından aşağıdakıları göstərmək olar:

-Kanada Təhsil Bürosu ilə anlaşma Protokolu, (15.10.2003-cü il);

-Kanada Beynəlxalq Təhsil Bürosu ilə əməkdaşlıq haqqında Saziş.(01.10. 2004);

-Belarus Prezidenti yanında İdarəçilik Akademiyası ilə anlaşma Protokolu (mart 2010);

-Litva Dövlət İdarəçilik İnstitutu ilə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum (25.10.2012-ci il);

-Türkiyə Əskişəhər Anadolu Universiteti ilə təhsil sahəsində Əməkdaşlıq Protokolu, (22.05.2013-cü il);

-Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Əməkdaşlıq haqqında Saziş. (24.05.2013-cü il);

-Ukrayna  Prezidenti  yanında  Milli  İdarəçilik Akademiyası ilə əməkdaşlığa dair Memorandum (2013-cü il);

-Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) ilə Anlaşma Memorandumu. (23.09.2013-cü il);

-Türkiyənin Gelişim Universiteti ilə Anlaşma Memorandumu.(11.10.2013-cü il);

-Çin İdarəçilik Akademiyası ilə əməkdaşlıq haqqında Memorandum.(09.12.2013-cü il);

-Kanadanın Karleton Universiteti ilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu.(26.12.2013-cü il);

-Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası arasında  əməkdaşlıq  haqqında Anlaşma  Memorandumu. (2014- ci il);

-Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu. (2015-ci il);

-Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu ilə Analaşma Protokolu.(02.03.2015-ci il)

Akademiya həmçinin beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir. BMT, UNİCEF ilə birgə treninqlər keçirir və  aktual mövzulara dair seminarlar təşkil edir.

Avropanın elmi mühitinə inteqrasiya etmiş Türkiyənin dövlət idarəçiliyi sahəsindəki təcrübəsini öyrənmək, bu sahədə əldə olunmuş yeni biliklərə yiyələnmək və ölkəmizdə tətbiq etmək məqsədilə Akademiya Türkiyənin aparıcı universitetləri ilə mütəmadi olaraq əlaqələr qurur,  mövcud əlaqələri daha da inkişaf  etdirir.  Akademiya Türkiyənin aparıcı universitetlərindən olan Əskişəhər Anadolu Universiteti ilə elmi əlaqələr yaratmış  və  22 may 2013-cü ildə  bu təhsil müəssisəsi ilə Əməkdaşlıq  haqqında Protokol  imzalamışdır. Protokola əsasən müəllim və tələbələrin, həmçinin elmi nəşrlərin qarşılıqlı mübadiləsi, birgə elmi araşdırmaların aparılması, birgə konfrans və seminarların təşkil olunması nəzərdə tutulmuşdur. İmzalanmış Protokola əsasən Akademiyanın əməkdaşları Anadolu Universitetində mühazirələr oxumuşlar. Öz  növbəsində, Anadolu Universitetinin  müəllimləri də İdarəçilik  Akademiyasında  seminarlar keçirmişlər.Anlaşma  Protokolu çərçivəsində  sonrakı  illərdə  də  qarşılıqlı səfərlər baş tutumuşdur.  Belə ki, 27 may 2015-ci il tarixində  Akademiyanın rektoru akademik Urxan Ələkbərov  və  Elmi Təşkilat şöbəsinin müdiri dos.Rəcəb Rəhimli Türkiyənin Anadolu Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünün anım mərasimində iştirak etmişlər. Anadolu Universitetinin rektoru prof. Naci Gündoğan çıxışında Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin təhsil müəssisələri arasındakı əlaqələr vasitəsilə daha da möhkəmləndirildiyini, bu baxımdan Dövlət İdarəçilik Akademiyası ilə Anadolu Universiteti arasındakı əlaqələrin təqdirəlayiq olduğunu qeyd edib. Anım mərasimində Akademiyanın rektoru akad. Urxan Ələkbərov Ulu Öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin iqtisadi uğurlarının əldə edilməsi istiqamətində zamanında verdiyi qərarlardan, həyata keçirdiyi strategiyanın əhəmiyyətindən danışmışdır.

Son illər Akademiya əməkdaşları Avropa İttifaqının elan etdiyi Qrant proqramlarının bir neçə lahiyəsinin iştirakçısı olmuşlar. Akademiyanın Elmi Təşkilat şöbəsinin təşkilatçılığı ilə Akademiyanın bir neçə əməkdaşı Avropa İttifaqının “Erasmus Mundus” Qrant proqramı çərçivəsində elan edilmiş Backis və Humeria layihə proqramlarında  iştirak etmişlər. Onlar Rumıniyanın Klyuj şəhərində yerləşən Babeş-Bolay Universitetinə akademik mobillik proqramı üzrə və İspaniyanın Bilbao şəhərində Pais Vasko universitetində post-doktorantura proqramı üzrə təhsil almışlar.

Akademiya  xarici  ölkə universitetləri ilə elmi əlaqələr yaratmaq üçün həmin ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri ilə görüşlər təşkil edir və  onlarla təmsil etdikləri ölkələrin ali təhsil müəssisələri ilə elmi-texniki əməkdaşlığın mümkün prespektivləri müzakirə olunur. Belə ki, İspaniya, Kanada,Türkiyə, Koreya, Çin, Rusiya, Polşa, İtaliya, Bolqarıstan, Qazaxıstan və ABŞ kimi ölkələrin səfirliklərinin nümayəndələri Akademiyada olmuş, elmi əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Akademiyaya dünyanın məşhur universitetlərində çalışan alimlərin dəvət olunması, onların iştirakı ilə elmi-metodoloji seminarların təşkil olunması beynəlxalq elmi əlaqələrin daha da inkişaf etməsinə müsbət təsir göstərir. 10 aprel 2014-cü ildə “Dövlət idarəçiliyində innovasiyaların idarə olunması” mövzusunda Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun sabiq rektoru, Beynəlxalq  Dövlət  İdarəçiliyi  Məktəb və İnstitutları Assosiasiyasının idarə heyətinin üzvü, professor Eyyub İsbir Akademiyanın tələbə-müəllim heyəti qarşısında mühazirə oxumuşdur. 28 aprel 2014-cü il tarixində Latviyanın sabiq prezidenti, Madrid klubunun üzvü və Nizami Gəncəvi  Beynəlxalq  Mərkəzinin  həmsədri  xanım  Vaira Viki-Fraiberqa Akademiyada “Səmərəli dövlət idarəçiliyi” mövzusunda elmi-metodiki seminar keçirmişdir.  01 oktyabr 2014-cü ildə Nobel  mükafatı  laureatı, professor Laflin Robert Betts ilə Akademiyanın müəllim-tələbə heyəti ilə görüşmüş, effektiv dövlət idarəçiliyi, davamlı inkişaf, ekoloji sivilizasiya, insan potensialının yüksəldilməsi mövzuları ətrafında elmi müzakirələr aparılmışdır. 04 oktyabr 2014-cü il tarixində Kanadanın Carleton  Universitetinin professoru  Lesli Pal, 27 oktyabr 2014-cü il tarixində BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Maher Nasser Akademiyanın tələbə və müəllim heyəti ilə görüşmüşdür. Bundan başqa Akademiyada ABŞ Dövlət Departamentinin “Natiqlər proqramı” layihəsi çərçivəsində siyasi elmlər doktoru, Qərbi Virciniya ştatının Şeferd Universitetinin “Siyasi Elm” kafedrasının professoru Cozef  Robinsinlə və ABŞ-ın Kansas  ştatının senatoru Kris Steinqerlə görüşlər keçirilmişdir.      

Son illər dünyanın bir çox beynəlxlaq təşkilatlarının rəhbərləri, dünya elminə töhvələr vermiş alimlər Akademiyanın fəxri doktorları seçilmişlər. Bunlar Avropa Parlamentinin üzvü Vitautas Landsberqis, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri və  Sosialist İnternasionalının baş katibi Luis Ayala olmuşdur.2016-cı ilin 11 mart tarixində isə Akademiyanın Fəxri Doktoru adına Makedoniyanın Prezidenti, zati-aliləri, cənab Georqe İvanov layiq görülmüşdür. Bu ada o, Makedoniya ilə Azərbaycan arasında dostluq və elmi, ictimai-siyasi əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə təltif olunmuşdur.

Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi və elmi-pedaqoji kollektivi  respublikada keçirilən beynəlxalq miqyaslı tədbirlərin təşkili və keçirilməsində də fəal iştirak etmişdir. Belə tədbirlərdən biri də  Bakı Beynəlxalq Humanitar Forumu olmuşdur. Foruma  dünyanın tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı almış alimləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri  dəvət olunmuşdur. Forumun  “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı seksiyasının keçirilməsi Dövlət İdarəçilik Akademiyasına həvalə olunmuşdur.        Seksiyanın işində yerli mütəxəssislərlə yanaşı beynəlxalq səviyyəli alimlər Nobel mükafatçısı Corc Smut, Regionların Davamlı İnkişafı üzrə Avropa Fondunun prezidenti Klod Eqi, Flaman Parlamentinin fəxri sabiq sədri Lui Vanvelthoven, Nobel  mükafatı  laureatı, professor Laflin Robert Betts, Kanadanın Carleton  Universitetinin professoru  Lesli Pal və Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun (TODAİE)  baş direktoru Aslan Onur Endər iştirak etmişlər. Akademiyanın Bakı Beynəlxalq Humanitar Forumdakı fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Akademiyanın Qazaxıstanın Dövlət İdarəçilik Akademiyası ilə də sıx əməkdaşlıq əlaqələri vardır. 2015-ci ildə iki ali təhsil müəssisəsi arasında mövcud olan qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində Azərbaycandan 2 nəfər dövlət qulluqçusu Qazaxıstan Dövlət idarəçiliyi Akademiyasına  magistr təhsili almaq üçün ezam olunmuşdur.

Artıq bir neçə ildir Akademiya Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu ilə əldə olunmuş razılığa əsasən bu təhsil müəssisəsinə bir illik magistr təhsili  almaq  üçün  doktorant  və  magistrantlar  göndərir.  Bu il də Akademiyadan Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda Kamu Yönətimi Yüksək Lisans Proqramı üzrə təhsil almaq üçün 2 magistr adı çəkilən ali təhsil müəssisəsinə göndərilmişdir.

Beynəlxaq təcrübənin öyrənilməsi və beynəlxalq əlaqələrin daha da genişləndirilməsi məqsədilə 26  yanvar 2015-ci tarixində  Dövlət İdarəçilik Akademiyasında “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi” yaradılmışdır. Dövlət İdarəçilik Akademiyası  ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış müvafiq Anlaşma Protokoluna uyğun olaraq keçirilən tədbirdə ayrı-ayrı dövlət qurumlarının rəhbərləri, Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin, TODAİE-nin nümayəndələri, alim və mütəxəssisləri iştirak ediblər. Açılış mərasimində çıxış edən Akademiyanın rektoru, akademik Urxan Ələkbərov Akademiyanın beynəlxalq əlaqələri barədə məlumat verib və Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu ilə səmərəli əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ölkələrimiz arasındakı tarixi birlikdən danışıb. Müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayan digər qonaq Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin müşaviri Əhməd Ərdəm isə “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin əhəmiyyəti barədə fikirlərini söyləyiblər. Sonra “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühazirələri dinlənilib. Mərkəzdə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun mütəxəssisləri “Dövlət idarəçiliyi islahatları”, “Dövlət idarəçiliyi nəzəriyyələri”, “Dövlətdə qərar qəbulu prosesi”, “Siyasət nəzəriyyələri” və digər mövzularda dərslər keçirilmişdir.

“Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”ndə Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutu ilə daha bir müştərək proqram həyata keçirilmişdir. 30 noyabr - 4 dekabr 2015-ci il tarixlərində Türkiyənin dövlət qurumlarında çalışan yüksək vəzifəli məmurların iştirakı və TODAİE-nin professor-müəllimlərinin iştirakı ilə  “Dövlət qulluğu sistemi və təcrübə” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursukeçirilmişdir. Kurslara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, həmçinin ölkəmizin dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur. Bu kurslarda dinləyicilərə dövlət qulluğu sisteminin dünya təcrübəsi, sosial təminat və ümumi müqavilə hüquqları, dövlət qulluqçusunun peşə fəaliyyətinin mənəvi-əxlaqi əsasları, və s. problemlərlə bağlı mühazirələr oxunmuşdur. Kurs ərzində TODAİE rektoru prof. Onur Ender Aslan, Türkiyə Daxili İşlər Nazirliyinin Mülki baş müfəttişi Dr. Yavuz Selim Akkoç, Türkiyə Dövlət Qulluğu Komissiyasının üzmanı Dr. Süha Oğuz Albayrak,  Türkiyə Maliyyə Nazirliyinin Büdcəyə Nəzarəti genel müdiri Şinasi Yurdakul, Yıldırım Bəyazit Universitetinin müəllimi Doç.dr. Hasan Engin Şener və başqaları müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

Akademiya xarici partnyorlarla imzaladığı Anlaşma Protokollarına əsasən  xaricdən gələn dinləyicilər üçün də “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”ndə seminar-təlimlər təşkil edir. 17 dekabr 2015-ci il tarixində adı çəkilən Mərkəzdə Türkiyənin Böyük Millət Məclisi, Ədliyyə, Maliyyə, Daxili İşlər, Müdafiə Nazirlikləri, Milli Təhlükəsizlik Qurumu, Ankara Böyük Şəhər Bələdiyyəsi və digər mərkəzi qurumların yüksək vəzifəli dövlət qulluqçuları ücün “Azərbaycanın innovativ davamlı inkişaf modeli” mövzusunda təlim-seminar keçirilmişdir. Seminarı Akademiyanın rektoru, akademik Urxan Ələkbərov keçirmişdir. Seminar Azərbaycan Respublikasının davamlı inkişaf göstəricilərilərinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi və bu inkişafda ölkə başçısının innovativ elmə əsaslanan  dövlət strateqiyasının durduğu qeyd olunmuşdur.

Akademiya Kanadanın Karleton Universiteti ilə  də elmi-texniki sahələrdə Anlaşma Memorandumu imzalamışdır. Anlaşma Memorandumunda əsasən iki ali təhsil müəssisəsi arasında magistr mübadiləsi proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Akademiyanın magistrantı Zivər Zeynalova Kanadanın Karleton Universitetinin Dövlət İdarəçiliyi və Menecment Mərkəzində professor Lesli Palın  rəhbərliyi ilə bir semestr elmi təçrübə keçmişdir.        

Akademiyanın Çin Xalq Respublikasının İdarəçilik Məktəbi və Pekin İdarəçilik İnstitutları ilə imzaladığı mübadilə və əməkdaşlıq haqqında Memorandumlara əsasən, həmçinin BDU-nun Konfustsi Mərkəzinin dəstəyi ilə Akademiyada  “Çin dili və mədəniyyəti” mərkəzi açılmışdır. Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Xun Tsyunun iştirakı ilə baş tutan tədbirdə “Çin Dili və Mədəniyyəti Mərkəzi”nin idarəçi kadrların hazırlanması işində faydalı olacağı qeyd olunmuşdur. Mərkəzdə çin dili və mədəniyyətini Çin Xalq Respublikasından dəvət olunmuş müəllimlər tədris edirlər.

Son illər ölkəmizin davamlı inkişaf və innovativ dövlət idarəçiliyi metodlarının tətbiqi sahəsində əldə etdiyi uğurları xarici ölkələrdə geniş təbliğ olunması, həmçinin beynəlxalq təcrübənin ölrənilməsi ali təhsil müəssisəsi qarşısında duran prioritet məsələlərdəndir.       25 noyabr 2015-ci ildəTürkiyənin paytaxtıAnkarada şəhərində Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunda (TODAİE) “Davamlı İnkişafın hədəfləri XXI əsr - İdarəetmə Texnologiyaları: Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Konfransda Türkiyənin tanınmış elm adamları, hökumət və yerli idarəetmə orqanlarının nümayəndələri, diplomatik missiya təmsilçiləri, müxtəlif  ölkələrdən  olan  gənc tədqiqatçılar iştirak ediblər. Konfransda rektor,  akademik Urxan Ələkbərov qeyd edib ki,  BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən sessiyası və digər mühüm beynəlxalq sammitlərdə 2015-2030-cu illər üçün məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi müəyyən olunub. Azərbaycanın həmin tədbirlərdən əvvəl davamlı inkişafı öz siyasətində prioritet istiqamət kimi qəbul etməsi ölkəmizin əldə etdiyi nəticələrin böyük maraqla qarşılanmasına səbəb olub. Diqqətə çatdırlıb ki, mühüm iqtisadi nailiyyətlər Ermənistan ilə münaqişə və torpaqlarımızın 20 faizinin işğal altında olması fonunda qazanılıb. Tədbir iştirakçıları Azərbaycanın davamlı inkişaf modeli ilə bağlı məlumatları böyük maraqla qarsalayıblar. Konfransda Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Dövlət İdarəçilik Akademiyasının Elmi Təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli və digər rəsmi şəxslər iştirak ediblər.

2016-ci ildə Akademiya beynəlxalq əməkdaşlıq əlaqələrini daha da genişləndirərək  Qazi  universitetinin  tərəfdaşı kimi “Erasmus+”  Qrant  proqramının “Cooperation for innovation and the exchange of good practices” (İnnovasiyalar üçün əməkdaşlıq və yaxşı təcrübə mübadiləsi) lahiyəsinə də qoşulmuşdur.

  

 

 

 

 

 

 

 

 

 

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration