AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 26 , 2017, Bazarertəsi - 21:32

Boloniya prosesi haqqında

Əsas məqsədlərindən biri Avropada vahid ali təhsil məkanının yaradılması olan Boloniya prosesinə gedən yol 1998-ci il mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri tərəfindən "Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında" Sorbonna Bəyannaməsinin qəbul edilməsi ilə başlanmışdır.  Adıgedən ölkələrin təhsil nazirləri həmin bəyannamədə təhsil sənədlərinin tanınması prosesinin təkmilləşdirilməsinə, təhsilalanların mobilliyinin, məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaradılmasını dəstəkləyir, digər Avropa dövlətlərini də qarşılıqlı əməkdaşlığa dəvət edirdilər.

1999-cu ilin iyununda Avropanın 30 ölkəsinin təhsil nazirləri İtaliyanın Boloniya şəhərində Avropa ali təhsil müəssisələrinin inkişaf tendensiyalarının təsdiqlənməsinə hazır olduqlarını bildirərək bu barədə bəyannamə imzaladılar. Bu hadisə tarixə "Boloniya prosesi" kimi daxil olmuşdur.

Proses iştirakçılarının 2001-ci ildə Portuqaliya, Almaniya, Finlandiya, İsveç, Belçika, İspaniya, Slovakiya, Çexiya və Latviyada, 2002-ci ildə Belçikada, 2003-cü ildə Avstriya və Almaniyada keçirilən görüşlərində də Avropada ali təhsilin problemləri müzakirə edilmiş, tövsiyələr irəli sürülmüşdür.

Son illər Avropa məkanında intensiv şəkildə gedən həmin prosesə bu il bütün Avropa dövlətlərinin qoşulması nəzərdə tutulub. Ümumiyyətlə isə bu günədək Avropa Şurasının üzvü olan  46 ölkənin 45-i Boloniya prosesinə rəsmi şəkildə qoşulmuşdur. Ölkəmiz Boloniya prosesinə qoşulmaq üçün 2004-cü ildən bir sıra təşəbbüslər etmiş, nəhayət, 2005-ci il mayın 19-da Boloniya bəyannaməsini imzalamaqla bu prosesə rəsmən qoşulmuşdur.

Boloniya bəyannaməsi üzv dövlətlərin hamısı üçün tətbiqi zəruri olan aşağıdakı prinsiplərin həyata keçirilməsini nəzərdə tutur:

- İkipilləli ali təhsilə keçid;

- Kredit sisteminin tətbiqi;

- Təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi;

- Tələbə və müəllim mobilliyinin genişləndirilməsi;

- İxtisasların və diplomların qarşılıqlı tanınması;

- Diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması;

- Məzunların işlə təminatına nail olunması;

- Avropa təhsil sisteminin cəlbediciliyinin təmin edilməsi.

© Copyright 2005-2013 The Academy of Public Administration