AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Sentyabr 21 , 2017, Cümə axşamı - 09:20

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluqçularının peşə bayramına həsr edilən elmi-praktiki konfrans keçirilib
İyn 21 , 2017 - 12:56

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən “Dovlət qulluğunun aktual problemləri” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib. Konfransın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 20, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi,  40-dan artıq nazirlik, Heydər Əliyev Mərkəzi, Ombudsman Aparatı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, 20 Dövlət Komitəsi və Xidmətinin, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və 58 rayon icra hakimiyyətinin təmsilçisi iştirak edib.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. “Dövlət qulluğu üçün kadr potensialının formalaşması: proses və nəticə” adlı məruzəsində Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən natiq ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə diqqət çəkib. Dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən U.Ələkbərov dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərini cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını xüsusi vurğulayıb. Respublikamızda dövlət qulluğunun təkmilləşdirilməsi prosesinin uğurlu nəticələrindən danışan akademik XXI əsrin prioriteti olan davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətlərdən söz açaraq bunun kökündə Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəçilik texnologiyalarının durduğunu qeyd edib.  Natiq bildirib ki, bu fakt nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib və dövlət qulluğu üçün kadr potensialının gücləndirilməsi ölkədə inkişafın planlaşdırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Dovlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi dövründə dövlət qulluğunun inkişafı” adlı məruzə ilə çıxış edib. M.Abbaszadə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açıb. O bildirib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir. M. Abbaszadə qeyd edib ki, bu dönəmdə Dövlət İmtahan Mərkəzinin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və effektiv əsaslarla aparmaqdan ibarətdir.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında məzun olan dövlət qulluqçularına magistr diplomları təqdim edilib.

© Copyright 2005-2013 The Academy of Public Administration