AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 22 , 2017, Çərşənbə axşamı - 23:24

Xəbərlər
Azərbaycanın yeni iqtisadi hədəfləri mövzusunda birgə seminar keçirilib
Noy 06 , 2017 - 10:05

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycanın yeni iqtisadi hədəfləri” mövzusunda birgə seminar keçirib. Seminarın açılışında İİTKM-nin icraçı direktoru Dr. Vüsal Qasımlı “Yeni iqtisadi model quruculuğu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanda yeni iqtisadi model Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulur. “Artıq ölkə iqtisadiyyatı aşağı neft gəlirlərinə tam adaptasiya olunmaqla yanaşı, həm də inkişaf edir və rəqabətqabiliyyətini artırır. “Doing Business” və “Qlobal rəqabətqabiliyyətlilik” hesabatlarında Azərbycanın mövqeyinin güclənməsi yeni iqtisadi model quruculuğunun uğuruna nümunədir. Ölkədə strateji idarəetmə mexanizmi işləyir və islahatlar dönməz və kompleks xarakter daşıyır. 2018-ci ildən başlyaraq iqtisadi artım daha yüksək tempə malik olacaq. Aparılan islahatlar və yaradılan infrastrukturun hesabına ölkənin regional və qlobal dəyər zəncirlərində mövqeləri güclənəcək.”

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycanda iqtisadi islahatlar və kadr potensialının formalaşması: proses və nəticə” adlı məruzə ilə çıxış edib. Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi innovativ inkişaf barədə danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi kimi fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyasında ölkədə insan potensialının formalaşdırılması, bu siyasətin tərkib hissəsi kimi dövlət qulluqçularının fasiləsiz hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin uğurlu nəticələri və əhəmiyyəti barədə fikirlərini seminar iştirakçılarının diqqətinə çatdırıb. Akademik ölkəmizdə həyata keçirilən tədbirlərin insan potensialının keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığını qeyd edib. Ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT, Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan təhlilləri də iştirakçıların diqqətinə çatdıran rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradılıb. Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəricilərinə və sosial indikatorlara görə “Böyük iyirmilik” və “Böyük yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Bu uğurların kökündə yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyası dayanır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir.

Seminarda qeyd olunub ki, Dövlət İdarəçilik Akademiyasında bakalavr, magistr və doktorantlarla yanaşı, dövlət qulluqçularının hazırlanması işi də həyata keçirilir. Təkcə ötən il 1600-dən çox dövlət qulluqçusu akademiyada təlim keçib. Qərara alınıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçuları üçün birgə yeni istiqamətli təlimlər təşkil etsin.

Daha sonra “Azərbaycanın yeni iqtisadi hədəfləri” mövzusunda birgə seminarı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin makroiqtisadçısı Faiq Qasımlı iki fərqli mövzuda təqdim etdiyi məruzələr ilə davam edib. Bunlardan biri Strateji Yol Xəritələrinin timisalında Monitorinq və Qiymətləndirmə, digəri isə dövlət qurumları, müəssisə və təşkilatçıları üçün Strateji Planlaşdırmaya aid olub.

Qeyd edək ki, du dəfəki təlimin iştirakçıları müxtəlif dövlət qurumlarının əməkdaşları olub.     

 

© Copyright 2005-2013 The Academy of Public Administration