AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Fevral 25 , 2018, - 11:15

Xəbərlər
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitab DİA-da müzakirə olunub
Yan 30 , 2018 - 03:06

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “ADR - İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitab müzakirə olunub. Kitabın ideya və “Ön söz”ünün müəllifi, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncamına əsasən hazırlanmış kitabı əlamətdar yubileyə dəyərli töhfə adlandırıb. Diqqətə çatdırılıb ki, ilk dəfə ana dilimizdə nəşr edilən diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə Cümhuriyyətin İranla siyasi əlaqələrinə dair mühüm tarixi mənbələrdən biridir. Rektor nəşrin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu əsər müasir idarəçilik sahəsində kadrların hazırlanması prosesində də gərəkli mənbədir.

DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev, Milli Məclisin deputatı, bu ali təhsil ocağının Siyasi Araşdırmalar İnstitutunun müdiri, siyasi elmlər doktoru, professor Elman Nəsirov, humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq elmlər doktoru, dosent Mehdi Abdullayev, siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və həmin kafedranın professoru Musa Quliyev kitabla bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, 98 sənədin yer aldığı bu toplu Cənubi Qafqaz regionunda cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da böyük əhəmiyyətə malikdir.

© Copyright 2005-2013 The Academy of Public Administration