AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Fevral 25 , 2018, - 11:12

Xəbərlər
Ankarada Azərbaycanın innovativ inkişafı və ölkəmizin Türkiyə ilə münasibətləri mövzusunda beynəlxalq konfrans keçirilib
Fev 09 , 2018 - 10:07

Ankarada Azərbaycanın innovativ inkişafı və ölkəmizin Türkiyə ilə münasibətləri mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans çərçivəsindəki 32 ölkənin nümayəndələrinin iştirakı ilə “İnklüziv və davamlı inkişaf naminə yeni idarəetmə texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusuna həsr olunmuş təqdimat böyük maraqla qarşılanıb.

Ankarada fəaliyyət göstərən Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda təşkil edilən beynəlxalq elmi-praktik konfransda dünyanın müxtəlif ölkələrindən olan təcrübəli dövlət qulluqçuları, diplomatlar, Türkiyənin yüksək rütbəli məmurları, görkəmli elm xadimləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun rektoru, professor Ender Aslan rəhbərlik etdiyi qurumun 70 ilə yaxındır fəaliyyət göstərdiyini bildirib. Hazırda bu nüfuzlu təhsil müəssisəsində Türkiyə ilə yanaşı, 32 ölkənin 60 yaxın nümayəndəsi təhsilini davam etdirir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “İnklüziv və davamlı inkişaf naminə yeni idarəetmə texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.

Akademik qeyd edib ki, torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasına baxmayaraq, Azərbaycan qısa müddət ərzində innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olub. Həyata keçirilən düzgün innovativ inkişaf strategiyası sayəsində 2015-2030-cu illər üçün BMT tərəfindən qlobal prioritet kimi planlaşdırılan hədəflərə ölkəmiz yüksək səviyyədə hazırlıqlıdır.

Rektor diqqətə çatdırdı ki, ötən ay keçirilən Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan dünyada 3-cü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoyub. Bütün bu nailiyyətlər son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Bu texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rola malikdir.

Konfransda məruzə ilə çıxış edən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim tədbir iştirakçılarına ölkəmizin xarici siyasətinin prioritetləri, enerji və nəqliyyat layihələri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri və real vəziyyəti haqqında ətraflı məlumat verib.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyasının ortaya çıxardığı hazırda işlək vəziyyətə gətirilən və perspektivdə olan digər iqtisadi layihələrin böyük bir coğrafiyanın inkişafını təmin etdiyini diqqətə çatdıran diplomat əminliklə ifadə edib ki, bu tendensiya uzun illər davam edəcəkdir.

Səfir Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin bütün dünya üçün nümunə olduğunu qeyd edib.

Beynəlxalq konfransdaDİA-nın Elmi-təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli iştirak edib.

 

© Copyright 2005-2013 The Academy of Public Administration