AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 18 , 2018, - 01:20

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasının komandası Beynəlxalq Yarışmanın mükafatçıları sırasında!
Okt 17 , 2018 - 10:00

9-11 Oktyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Enactus Komandası ABŞ-ın Kaliforniya Ştatının San Jose şəhərində (Silikon vadisi) keçirilən “Enactus” Dünya Kuboku 2018 yarışmasında iştirak etmişdir.

Qeyd edək ki, Enactus – biznesin və sahibkarlığın dəstəyi ilə daha yaxşı və davamlı inkişaf edən dünya üçün bu günün və sabahın liderlərinin təşəbbüslərini bir araya gətirən universitetlərarası beynəlxalq platformadır.

Enactus yarışmasında iştirak edən universitet komandalarının BMT-nin müəyyənləşdirdiyi 2030-cu il üçün 17 davamlı inkişaf məqsədi ətrafında qurulan sahibkarlıq layihələri insanların həyat standarlarını, maddi rifahını artırmaq məqsədilə tələbələrin, universitetlərin və biznesin gücünü birləşdirir. Bu qlobal təşəbbüsə isə, il ərzində 70 minə yaxın tələbə qatılır.

Dünyanın 5 qitəsindən 36 ölkənin 1500-dən çox universitet komandalarının iştirak etdiyi yarışmada ilk növbədə ölkədaxili milli çempionatlar həyata keçirilərək dünya çempionatında ölkəni təmsil edəcək komandalar seçilir. Cari ilin 19 Aprel tarixində ADA Universitetində keçirilən Enactus Azərbaycan Milli Çempionatında birincilik əldə etməklə dünya kubokunda ölkəni təmsil etmə haqqını isə DİA Enactus komandası qazanmışdır.

DİA-nın müxtəlif ixtisas və kurslarında təhsil alan təşəbbüskar, yaradıcı və savadlı tələbələrindən ibarət komanda 13 nəfərdən ibarət heyətlə dünya çempionatında təmsil olunmuşdur. Tələbələr beynəlxalq yarışmada bir il müddətində həyata keçirdikləri sosial və ekoloji məsuliyyətli, davamlı biznes layihələri ilə dünyanın qabaqcıl şirkətlərindən olan münsiflər qarşısında təqdimat etmişdir.

Münsiflərin seçiminə əsasən Azərbaycan komandası daxil olduğu liqada 3-cü yerə layiq görülmüşdür; Qeyd edək ki, Enactus Dünya Kubokunu Kanadanı təmsil edən komanda qazanmış, Misir komandası isə ikinci yerə layiq görülmüşdür.  Yarışın nəticələrinə əsasən, Azərbaycan komandası Niderland, Çin, Avstraliya kimi ölkə komandalarından yüksək nəticə göstərmiş, MDB ölkələri arasında isə ən yüksək nəticə göstərən ölkə olmuşdur.

DİA komandasının cari ildə əldə etdiyi nəticə indiyə qədər Azərbaycanın yarışmada əldə etdiyi ən yüksək nəticə olmuşdur.  Qeyd edək ki, Azərbaycan “Enactus” proqramına 2005-ci ildən etibarən qoşulub və bu müddət ərzində ölkəmizin müxtəlif ali məktəblərinin komandaları bu yarışmaya qatılıb. Dövlət İdarəçilik Akademiyası isə ilk dəfə 2016-cı ildə ölkə çempionu olaraq Kanadanın Toronto şəhərində keçirilən dünya birinciliyində 17 nəfərlik heyətlə iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, Enactus sadəcə kubok uğrunda bir yarış deyil, eyni zamanda, müxtəlif millətləri təmsil edən komandaları birləşdirən bir platformadır. 9-11 oktyabr tarixlərini əhatə edən və açılışını ABŞ-ın 66-cı dövlət katibi Kondaliza Raysın etdiyi 3 günlük tədbir çərçivəsində müxtəlif workshop-lar, dünyanın qabaqcıl şirkət rəhbərlərinin çıxışları, panel müzakirələri, təlim və konfranslar, təcrübə mübadilələri, networking tədbirləri keçirilmişdir.

Həmçinin tədbir çərçivəsində “Parade of Champions” və “World Cultural Experience” tədbirləri keçirilmişdir. Çempionlar Paradında Azərbaycan bayrağı digər 35 ölkə bayraqları arasında dalğalandırılmış, mədəniyyət günündə isə Azərbaycan mədəniyyəti, mətbəxi, təbiəti və incəsənəti tələbələr tərəfindən təbliğ olunmuşdur. Qeyd edək ki, Azərbaycan guşəsi ən çox marağa səbəb olan guşələrdən biri olmuşdur. Tələbələr Azərbaycanı milli geyimlərimiz, xalçalarımız, mədəniyyətimiz və mətbəximizlə layiqincə təmsil etmiş, digər ölkələri təmsil edən iştirakçılara Azərbaycanı təmsil edən hədiyyələr təqdim etmişlər.

Komanda əldə etdiyi təcrübə ilə, növbəti illərdə daha yaxşı fəaliyyət göstərərək dünya kubokunu Azərbaycana gətirməyə iddialıdır!

VİDEO XƏBƏR

© Copyright 2005-2013 The Academy of Public Administration