AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 18 , 2018, - 02:25

Xəbərlər
AMEA Rəyasət Heyətinin və Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib
Okt 24 , 2018 - 09:17

Oktyabrın 24-də AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Milli Məclisin deputatları, elm xadimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

DİA-da keçirilən iclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, son vaxtlar Rəyasət Heyəti ilə müxtəlif dövlət qurumlarının, ayrı-ayrı nazirliklərin, nüfuzlu ali təhsil müəssisələrinin birgə iclaslarının keçirilməsi ənənə halını alıb. Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son on beş illik tarixinin bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyən akademik vurğulayıb ki, ölkə başçısı Prezidentlik fəaliyyətinə başlayarkən ilk irəli sürdüyü şüar "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi olub. Akademik bu şüarın təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etdiyini, son on beş ildə ölkəmizin bu hədəfə doğru addım-addım yol gəldiyini söyləyib.

Sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "İnklüziv inkişaf və innovativ idarəetmə texnologiyaları: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizin bu il inklüziv inkişaf sahəsində dünyada yüksək mövqe qazandığını bildirən alim vurğulayıb ki, Davos İqtisadi Forumunun dəyərləndirmələrinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yeri tutur. Qeyd edib ki, bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq, onların arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan bir çox dövlətlərdən öndədir.

Akademik ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktorunun insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşma olduğunu söyləyib. O, həmçinin idarəetmədə istifadə olunan bu yeni sinergetik, komplementar və kompensasion texnologiyalar və onların kompleks tətbiqi sayəsində qazanılan nailiyyətləri geniş təhlil edib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurası müvafiq qərar qəbul edib.

İclasda AMEA-nın adlı mükafatları üzrə qaydalara dəyişiklik edilməsi məsələsinə baxılıb. Akademik Akif Əlizadə bildirib ki, AMEA-nın adlı mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə 2014-cü ildə təsis edilib. Akademik bildirib ki, ötən müddət ərzində hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.

Rəyasət Heyəti adlı mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə müsabiqənin iki ildən bir elan edilməsini qərara alıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA professorlarının koordinasiya şurasının Əsasnaməsinin təsdiqi ilə bağlı olub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, "Azərbaycan Milli Elmlər Akademiyasının professoru" elmi adı 2017-ci ildə Rəyasət Heyətinin qərarı ilə təsis olunub. AMEA-nın professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaq, AMEA Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrasında, habelə kadr hazırlığında və innovativ fəaliyyətin inkişafında onların fəal iştiraklarını təmin etmək məqsədilə Rəyasət Heyətinin müvafiq qərarı ilə AMEA professorlarının koordinasiya şurası yaradılıb. Həmin qərara əsasən AMEA professorlarının koordinasiya şurasının Əsasnaməsinin layihəsi Rəyasət Heyətinə təqdim edilib.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq şuranın Əsasnaməsini və tərkibini təsdiq edib.

Tədbirdə "Fizika və lirika" beynəlxalq elmi konfransına dair müzakirə aparılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, akademiya tərəfindən müxtəlif elm sahələri arasında əlaqələri inkişaf etdirmək üçün ənənəvi olaraq "Fizika və lirika" konfransları keçirilir. Bu günə kimi dörd dəfə keçirilmiş konfranslar respublikada geniş əks-səda doğurub, humanitar və tətbiqi elmlərin nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Akademik vurğulayıb ki, növbəti tədbirin AMEA-nın və MDB dövlətlərinin humanitar əməkdaşlıq üzrə Beynəlxalq Fondun təşkilati və maliyyə dəstəyi ilə noyabrın 14-dən 18-dək Bakı və Şamaxı şəhərlərində, noyabrın 21-dən 24-dək isə Rusiyanın Dubna şəhərində keçirilməsi nəzərdə tutulur. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, növbəti "Fizika və lirika" beynəlxalq elmi konfransının keçirilməsinə dair müvafiq qərar qəbul edib.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Elmi-Nəşriyyat Şurasının yeni tərkibi təsdiq olunub, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi Bürosunun tərkibində isə qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd olunması, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda təhsil şöbəsinin yaradılması ilə bağlı qərarlar qəbul edilib.

VİDEO ANONS

 
   
© Copyright 2005-2013 The Academy of Public Administration