AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 19 , 2018, Çərşənbə axşamı - 11:10

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasının müəllimi ABŞ-da təcrübə keçib
Noy 27 , 2018 - 04:21

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəetməsi və menecment” kafedrasının müəllimi Ruslan Nuriyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhsil üzrə Amerika Şurasının keçirdiyi Peşəkar İxtisasartırma Proqramının 2018-ci il payız müsabiqəsinin qalibi olmuşdur. O, proqramda iştirak etmək məqsədi ilə 2018-ci ilin 8 oktyabr – 17 noyabr tarixlərində ABŞ-a ezam olunmuşdur.

Proqram ABŞ-ın qanunverici və icraedici orqanlarında peşəkar təcrübə keçmək, federal və yerli hökumət orqanlarının fəaliyyəti, dövlət nəzarətinin həyata keçirilməsi və digər məsələlərlə yaxından tanış olmaq imkanlarını nəzərdə tutur. Proqrama 63 ölkədən (Şərqi Avropa, Balkan, MDB, Afrika, cənub-şərqi Asiya və Okeaniyadan) ümumilikdə 310 nəfər iştirakçı qatılmışdır. Tədbirin birinci həftəsində iştirakçılar ABŞ-ın ilk universiteti olan Corctaun Universitetinin MakKourt Siyasət Məktəbində liderlik mövzusunda təlimdə iştirak etmişlər. Universitetin Beynəlxalq Tədris Mərkəzində keçirilən kursa mühazirəçilər qismində siyasət və idarəetmə üzrə tanınmış professor-müəllim və ekspert heyətinin cəlb olunduğu bildirilir. Oktyabr ayının 14-dən etibarən MDB paneli üzrə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Gürcüstandan seçilmiş 25 nəfər iştirakçı təcrübə üçün ABŞ-ın müxtəlif ştatlarında federal və yerli idarəetmə orqanlarına göndərildi. R.Nuriyev ABŞ Kənd Təsərrüfatı Departamentinin Risklərin İdarə olunması Agentliyində ixtisasartırma proqramında iştirak etmişdir.

Bildirilir ki, Kənd Təsərrüfatı Departamentinin tabeliyində 1996-cı ildə təsis edilmiş Risklərin İdarə olunması Agentliyi kənd təsərrüfatında sığorta məsələlərini koordinasiya edən, həmçinin Kənd Təsərrüfatı Məhsullarının Sığortası üzrə Federal Korporasiyanın idarəetməsini həyata keçirən dövlət orqanıdır. Proqram ərzində ABŞ-ın aqrar sahədə idarəetmə təcrübəsi və qanunvericilik bazası öyrənilmiş, Minnesota, Ayova, Viskonsin, Miçiqan, İllinoys ştatlarının müxtəlif bölgələrinə edilmiş səfərlər zamanı isə iştirakçılar buradakı təsərrüfat və müəssisələrin fəaliyyəti ilə tanış olmuşlar. Noyabr ayının 13-də ABŞ-ın müxtəlif bölgələrinə göndərilmiş proqram iştirakçıları yenidən paytaxt Vaşinqtona qayıdaraq tədbirin yekun həftəsində iştirak etmişlər.

Yekun proqramın “ölkələrin fərdi təqdimatı” hissəsində tədbir iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti barədə, ölkəmizdə qəbul edilmiş dövlət proqramları haqqında, o cümlədən qeyri-neft sektorunun inkişafı, habelə aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi barədə məlumat verilmişdir. Noyabrın 16-da proqramın yekunlaşması münasibəti ilə iştirakçılar üçün ABŞ Dövlət Departamentində rəsmi qəbul təşkil edilmiş və onlara sertifikatlar təqdim edilmişdir.

Proqramda yerli mütəxəssislərin iştirakı ABŞ-ın qabaqcıl təcrübəsinin öyrənilməsi, bu sahədə geniş praktiki məlumat bazasının toplanılması baxımından əhəmiyyətli və faydalı olmuşdur.

 

© Copyright 2005-2013 The Academy of Public Administration