AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 20 , 2019, Çərşənbə - 14:28

Xəbərlər
Akademik Ramiz Mehdiyevin yeni əsərinin müzakirəsi keçirilib
Fev 08 , 2019 - 01:28

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc olunmuş “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” adlı yeni əsərinin müzakirəsi keçirilib.

Əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün olduqca əhəmiyyətlidir

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov akademik Ramiz Mehdiyevin müasir şəraitdə dövlət idarəetmə məsələləri ilə bağlı yeni əsərinin ölkəmizin son 15 ildə iqtisadi, sosial, siyasi, humanitar sahələrdə qazandığı yüksək nailiyyətlərin əsasında duran idarəetmə mexanizmlərinin təhlilinə həsr olunduğunu qeyd edib.

Rektor vurğulayıb ki, müəllif Azərbaycan Respublikasının davamlı və inklüziv inkişaf sahəsində qazandığı uğurları təkzibolunmaz dəlil-sübutlarla əsaslandırıb, onları fəlsəfi fikir süzgəcindən keçirərək elmi konseptual şəkildə ifadə edib. Əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün çox faydalıdır və bu səbəbdən müzakirənin növbəti tədris sessiyası ərəfəsində keçirilməsi olduqca əhəmiyyətlidir.

Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışaraq, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır.

Zaman elə liderləri irəli çıxarmalıdır ki, onlar dünyanı bu çətin vəziyyətdən xilas edə bilsinlər

Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev bildirib ki, “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” əsəri çətin və mürəkkəb bir mövzuda yazılmasına baxmayaraq, çox asan oxunur. “Əsər çox da rəvan olmayan, ziddiyyətli, mübarizələrlə dolu, böyük həyat yolu keçmiş, zəngin dövlət idarəçiliyi təcrübəsinə malik, görkəmli bir cəmiyyətşünasın dünya, ölkə, dövlət, lider haqqında təkcə tədqiqatı deyil, həm də düşüncələridir. Bu mənada biz hər səhifədə yeni müddəalarla, məlum məsələlərin yeni çalarları ilə rastlaşırıq və bu da təbiidir. Əsər, həmçinin bəşəriyyəti narahat edən qeyri-müəyyənlikdən çıxış yolları axtarışının, ədalətli dünya nizamı haqqında qayğıların əks olunduğu fikirlərdən ibrətdir. Biz, ictimai elm nümayəndələri adətən öyrənmişik ki, liderləri zaman yetişdirir. Amma əsərdə belə bir fikir vurğulanır ki, zamanı liderlər formalaşdırmalıdır, başqa yol yoxdur. Zaman elə liderləri irəli çıxarmalıdır ki, onlarda bəşəriyyətin və təmsil etdiyi millətin taleyi üçün məsuliyyət hissi olsun və onlar dünyanın bu çətin vəziyyətdən xilasını təmin edə bilsinlər”, - deyə Əlikram Abdullayev qeyd edib.

İndiki təhlükələr soyuq müharibə dövründə olduğundan daha ciddidir

Milli Məclisin deputatı, “Siyasi araşdırmalar institutunun” direktoru, professor Elman Nəsirov çıxışında deyib ki, akademik Ramiz Mehdiyev hər zaman əsərlərində böyük narahatlıq doğuran məsələləri qaldırır: “Bu əsər isə təkcə azərbaycanlıları deyil, bütövlükdə dünyamızı narahat edən ən mürəkkəb məsələlərin müzakirəsi və onlardan çıxış yollarının tapılması ilə bağlı bir tədqiqat işidir”. Bu gün qarşıda çox ciddi təhlükələrin, hətta böyük müharibələrin olması reallığından bəhs edərkən akademik Ramiz Mehdiyev soyuq müharibə dövrü ilə bugünkü müharibə dövrünü müqayisə edib, onlardan hansının daha təhlükəli olması sualını qoyub və cavabını da əsaslandırıb. Müəllifin fikrincə, indiki təhlükələr soyuq müharibə dövründəkindən daha ciddidir. Belə ki, 60-80-ci illərdə SSRİ və ABŞ arasında bağlanmış müqavilələr əslində müharibənin qarşısını alan müqavilələr idi. Bu gün həmin sənədlərin heç biri işləmir. Digər tərəfdən isə dünyada güc mərkəzləri formalaşır. Bu güc mərkəzlərinin maraqları toqquşanda müharibə baş verir.

Qeyri-sabit qlobal proseslər şəraitində baş verən hadisələrin geniş təhlili

Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirib ki, əsərdə ikiqütblü dünyadan sonra qeyri-sabit qlobal proseslər şəraitində baş verən hadisələr geniş təhlil olunur. “Akademik öz kitabına Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunan iclasındakı nitqindən sitatla başlayıb. Həmin sitatda bu gün dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin, qanlı münaqişələrin, qarşıdurmaların artması, bütün bunlardan dünya ictimaiyyətinin narahatlıq hissi keçirməsi, Azərbaycanda isə sabitliyin, təhlükəsizliyin, normal həyatın təmin edildiyi qeyd olunur”, - deyən Elçin Əhmədov diqqətə çatdırıb ki, əsərdə dünya nizamının pozulduğu hərtərəfli təhlil edilib.

Siyasi idarəetmə fakültəsinin dekanı xatırladıb ki, SSRİ dağılandan sonra ABŞ nə qədər superdövlətə çevrilmiş olsa da, onun 2001-ci il 11 sentyabr hadisələrindən sonra “İslam dövləti ideyasının qarşısını almaq üçün” ərəb ölkələrinə hücumu dünya nizamını bir qədər də pozdu. “İndi ABŞ bunun nəticələrini bumeranq şəkilində görür. Bu gün miqrant adı qoyulan qaçqınlar ərəb ölkələrindən Avropaya axışırsa, bu artıq dünya nizamının pozulmasından, beynəlxalq hüququn işləməməsindən xəbər verir. Əsərdə, həmçinin güc mərkəzlərinin formalaşması, hibrid müharibələri, ABŞ-ın hegemonluğunun qarşısını alan amillər kifayət qədər zəngin mənbələr əsasında göstərilir. Akademik Ramiz Mehdiyev son 15 ildə Azərbaycanın dinamik inkişafına diqqət yetirir. Bu dinamik inkişafın əsasını xalq-iqtidar birliyində, eyni zamanda, Azərbaycanın müstəqil, çoxvektorlu, balanslaşdırılmış, milli maraqlara söykənən xarici siyasətində görür və bu, son 15 ildə Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi kimi qiymətləndirilir”, - deyə Elçin Əhmədov qeyd edib.

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova bildirib ki, əsərdə müəllifin fikirləri ilə yanaşı, aparıcı analitiklərin, Avropa İttifaqı ölkələrində, ABŞ və Rusiyada olan beyin mərkəzlərinin regional və ölkələr üzrə mütəxəssislərinin fikirləri də verilir. Bu da qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünyanın daha obyektiv və real mənzərəsini ortaya qoyub.

Tədbirdə çıxış edənlər akademik dairələrin müraciət edəcəyi önəmli mənbələrdən biri olacaq əsərin əhəmiyyətini vurğulayıblar.

 
   
© Copyright 2005-2013 The Academy of Public Administration