AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 21 , 2019, Çərşənbə - 12:58

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi konfrans təşkil edilib
May 07 , 2019 - 04:23

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.

Konfransdan öncə Ulu Öndərin akademiyadakı büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə DİA-nın rektoru, akademik Urxan Ələkbərov açıb. O, “Heydər Əliyev və Azərbaycan Respublikasında inklüziv cəmiyyətin formalaşması” mövzusunda məruzə edib. Akademik Urxan Ələkbərov görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, bu il həm də Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyidir. Bəzi məqamlarda Azərbaycanın bu gün qazandığı uğurların əsası elə o dövrdə qoyulub. Yaxşı idarəetmə ölkənin uğurlu inkişafı və bu prosesin davamlılığının təmin olunması üçün zəruri şərtdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası iqtisadi və sosial inkişaf baxımından nəzərəçarpacaq nailiyyətlərə imza atıb. Dövlətin uğurlu daxili və xarici siyasəti, milli və qlobal maraqların uzlaşdırılması, müasir idarəetmə texnologiyalarının tətbiqi Azərbaycanın beynəlxalq münasibətlər sistemində iqtisadi və siyasi önəminin getdikcə artmasına yol açıb.

Akademik Urxan Ələkbərov deyib: “İnklüziv inkişaf dövlətin inkişafının elə bir yoludur ki, ölkədə bütün sahələrin inkişafını ehtiva edir və bunun nəticələrindən bütün vətəndaşlar bəhrələnir. İnklüziv inkişaf çox geniş anlayışdır və Ulu Öndərin fəaliyyətinin bütün mərhələlərində biz inklüziv inkişafa xüsusi önəm verildiyini görürük. İnklüziv cəmiyyətin formalaşdırılması yalnız ölkədə səmərəli iqtisadiyyatın mövcudluğu şəraitində mümkündür”.

Rektor qeyd edib ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətləri, onun irsi hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Müasir Azərbaycanın qurucusu olan Ümummilli Liderimizin xatirəsi Azərbaycan adı yaşadıqca xalqımızın yaddaşında, ürəyində yaşayacaq. Rektor Urxan Ələkbərov Heydər Əliyevin ölkəmizin uğurlu inkişafı istiqamətində həyata keçirdiyi böyük işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Konfransda Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov “Siyasətin Heydər Əliyev zirvəsi” mövzusunda məruzə edib. O bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin tarixində misilsiz xidməti olmuş şəxsiyyətdir.

Deputat deyib: “Müasir Azərbaycan dövləti Ulu öndərdən xalqımıza əmanətdir, bu əmanəti göz bəbəyi kimi qorumaq və Heydər Əliyev ideyaları ətrafında sıx birləşib onları davam etdirmək hər birimizin borcudur. Ulu öndər həm 1969-1982-ci, həm də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edərkən ölkəmiz üçün unudulmayacaq işlər görüb. Hər iki dövr bir-birindən zaman, ictimai-siyasi formasiya baxımından seçilsə də, Azərbaycan dövlətçiliyinə xidmət baxımından bir-birinə oxşardır”.

DİA-nın hüquq kafedrasının müdiri Fəxrəddin Nağıyev “Heydər Əliyev və Azərbaycan Respublikasında hüquqi islahatlar” məruzəsində nəzərə çatdırıb ki, Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu proses heç də sadə olmadı. Azərbaycan müstəqilliyinin ilk illərində öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və taleyüklü dövlət quruculuğunu həyata keçirməyə başladı. Bu proses özünü məhkəmə-hüquq islahatlarının reallaşdırılmasında da göstərdi. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlandı. Əsası Ulu Öndər tərəfindən qoyulan bu proses Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

DİA-nın elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli “Heydər Əliyev dövlət idarəçiliyində islahatların banisidir” mövzusunda məruzə edib. O deyib: “SSRİ kimi bir imperiya parçalandıqdan sonra öz müstəqil dövlətini qurmaq, ağrılı-acılı keçid dövrünü keçmək üçün Azərbaycana güclü lider lazım idi. Sevindirici haldır ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın, sözün əsl mənasında, lideri var idi. Məhz bu liderin - Heydər Əliyevin uzaqgörənliyi nəticəsində biz müstəqilliyimizi möhkəmləndirə bildik. Ümummilli Liderin dövlət idarəçiliyi sahəsində apardığı uğurlu islahatlar ölkəmizin dinamik inkişafına səbəb oldu”.

Konfrans məruzələr ətrafında müzakirələrlə davam edib.

 

© Copyright 2005-2013 The Academy of Public Administration