AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyul 19 , 2019, Cümə - 06:12

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasının komandası “Enactus-2019” milli çempionatının qalibi oldu
May 30 , 2019 - 06:19

Bakı Konqres Mərkəzində “Enactus-2019” Azərbaycan milli çempionatı keçirilib. Çempionatın qalibi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) komandası olub.

Bu beynəlxalq platformanın əsas məqsədi ölkələrdə iqtisadi potensialın gücləndirilməsində gənc nəslin rolunu artırmaq, onların sahibkarlıq təşəbbüslərini stimullaşdırmaq, bu cür vərdişləri inkişaf etdirərək sosial biznes ideyalarını gənclər arasında təbliğ etməkdir.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qalib komandanın cari ilin sentyabr ayında ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində (Silikon Vadisində) keçiriləcək “Enactus-2019” dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazandığını bildirib.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Enactus Global”ın MDB ölkələri üzrə direktoru Yusif Məcidov, “Enactus Azərbaycan” nümayəndəliyinin rəhbəri Faiq Məmmədov və digərləri çıxış edib, iştirakçılara uğurlar arzulayıblar.

Sonra ali təhsil müəssisələrinin “Enactus” komandaları üzərlərində çalışdıqları layihələrin münsiflər heyəti qarşısında səhnə təqdimatını ediblər. Münsiflər heyəti dövlət və özəl qurumlardan olmaqla 23 müstəqil ekspertdən təşkil edilib.

Final mərhələsinə 4 ali məktəb – DİA, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları mübarizə aparıblar.

Münsiflərin rəyinə əsasən, DİA-nın komandası I yerə layiq görülərək “Enactus-2019” Azərbaycan milli kubokunu qazanıb. Bu komanda “MyChicken” (cücələrim) və “SnacKing” layihələri ilə çıxış edib. Layihələr maddi imkanı zəif olan ailə təsərrüfatlarında ev quşlarının sayının intensiv çoxaldılması yolu ilə gəlirin artırılmasını, çox ucuz qiymətə satılan mövsümü meyvələrin zay olmaması üçün onların asan üsullarla qurudulmuş meyvə halına gətirilməsini, ilkin emalda əlçatan innovasiyanın tətbiqini nəzərdə tutub.

Münsiflərin qərarına əsasən Dövlət İqtisad Universitetinin komandası II yerə, Memarlıq və İnşaat Universitetinin komandası isə III yerə layiq görülüb. Komandalara mükafatlar təqdim olunub.

 

© Copyright 2005-2013 The Academy of Public Administration