AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 05 , 2019, Cümə axşamı - 17:06

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə ixtisasartırma kursuna başlanılıb
İyl 07 , 2019 - 08:18

İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə ixtisasartırma kursuna başlanılıb.

Ikigünlük kursda Azərbaycanın 25 şəhər və rayonundan dinləyicilər iştirak edirlər.

Kursun ilk məruzəçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov ölkəmizdə könüllülük hərəkatının mahiyyətindən, tarixindən, onun cəmiyyətdə xüsusiyyətlərindən danışıb, eləcə də könüllülər və Azərbaycanın gənclər siyasəti haqqında dinləyicilərə ətraflı məlumat verib. Vurğulayıb ki, Azərbaycanda könüllülük hərəkatının tarixi hələ Xürrəmilər dövründən başlayıb. Babək Azərbaycanı yadelli işğalçılardan qorumaq üçün xalqa müraciət edib və ətrafına toplaşan könüllülərlə torpaqlarımızın işğalına qarşı mübarizə aparıb. Müasir Azərbaycanda isə könüllülük sahəsində inkişaf məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Onun 1994-cü ildə dövlət çevrilişinə cəhd zamanı xalqa müraciət etməsi müasir dövrümüzdə könüllülük hərəkatının nadir nümunəsidir. O zaman xalqa müraciət edildikdən 1-2 saat sonra Prezident Administrasiyasının qarşısına 100 minlərlə insan toplaşmışdı. Könüllülük Azərbaycan xalqının xüsusiyyətindən, qəlbindən irəli gəlir.

Professor Əli Həsənov, həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar təşəbbüslərə də toxunub və bu layihələrin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də reallaşdırıldığını bildirib.

Sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dinləyicilər qarşısında “Dövlət idarəçiliyində yeni texnologiyalar: Azərbaycan Respublikasının innovativ təcrübəsi beynəlxalq təşkilatların sənədlərində” adlı məruzə ilə çıxış edib, könüllülük hərəkatının Azərbaycanda rolundan danışıb. Qeyd olunub ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyrə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqaməti hesab olunur.

Daha sonra Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyevanın “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin baş məsləhətçisi İrfan Davudovun “Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri” mövzularında məruzələri dinlənilib.

Kurs iyunun 28-də başa çatacaq.

© Copyright 2005-2013 The Academy of Public Administration