AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Oktyabr 15 , 2019, Çərşənbə - 23:23

Xəbərlər
Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin ilk mühazirəsi dinlənilib
Okt 03 , 2019 - 04:15

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 2019/2020-ci tədris ilində bakalavriat pilləsinə qəbul olunan birinci kurs tələbələri ilk mühazirələrini dinləyiblər.

İlk mühazirəni təqdim edən akademiyanın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verib. O qeyd edib ki, məktəb ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. Rektor görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyinin bərpasından 28 il keçməsinə baxmayaraq, Azərbaycan Respublikası uğurla inkişaf edir və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə dövlət quruculuğunun bütün sahələrində diqqətəlayiq tərəqqiyə nail olub.

Urxan Ələkbərov qazanılan uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb. Rektor, eyni zamanda, diqqətə çatdırıb ki, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın önəmli rolu var. Akademik vurğulayıb ki, əslində daha az vəsaitlərlə yüksək göstəricilərə nail olunması dövlət inkişafı proseslərinin idarə edilməsində Prezident İlham Əliyev tərəfindən işlənmiş innovativ sinergetik, komplimentar və kompensasion texnologiyalar kompleksinin tətbiqinin nəticəsidir. Həmin texnologiyalar ölkənin hərtərəfli inkişafı və əhalinin rifahının yüksəlməsi üçün iqtisadi imkanlardan səmərəli istifadəni təmin edib. Bu təcrübənin Dünya İqtisadi Forumunun hesabatında xüsusi təhlil predmetinə çevrilməsi onun qlobal əhəmiyyətinin göstəricisidir.

Mühazirədə ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inklüziv inkişafı xarakterizə edən göstəricilər müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırılıb. Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib.

Respublikamızın “Böyük yeddilik” ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik deyib ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.

Sonda tələbələrin sualları cavablandırılıb.

     

 

© Copyright 2005-2013 The Academy of Public Administration