AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 15 , 2019, Cümə - 09:58

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
Okt 17 , 2019 - 02:01

Futbol üzrə “Avro 2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun üzvləri tədbirə hazırlıq məqsədilə oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbə və müəllim heyəti ilə görüş keçirib.

150-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də “Avro 2020” ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbirdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA nümayəndələri, “Avro 2020” Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov da iştirak ediblər.

Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür görüşlərin təşkilinin vacibliyindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasların və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 15-dək davam edəcək universitet kampaniyası paytaxtda fəaliyyət göstərən 21 təhsil ocağını əhatə edəcək.

Qeyd edək ki, “Avro 2020” Bakı Könüllülər Proqramına qeydiyyat noyabrın 29-da saat 23:59-da yekunlaşacaq.

 

© Copyright 2005-2013 The Academy of Public Administration