AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 14 , 2019, Şənbə - 12:29

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında Azərbaycanın Dövlət Bayrağı Gününə həsr edilən elmi-praktik konfrans
Noy 13 , 2019 - 02:08

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dənizkənarı Bulvar İdarəsinin və Dövlət Bayrağı Muzeyinin təşəbbüsü ilə Dövlət Bayrağı Gününə həsr olunan “Azərbaycan dövlətçiliyində bayrağın yeri və əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Rektor görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyinin bərpasından 28 il keçməsinə baxmayaraq, Azərbaycan Respublikası uğurla inkişaf edir və tarixi baxımdan çox qısa zaman kəsiyində dövlət quruculuğunun bütün sahələrində diqqətəlayiq tərəqqiyə nail olub. Akademik Urxan Ələkbərov qazanılan uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb.

Rektor, eyni zamanda, diqqətə çatdırıb ki, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın önəmli rolu var.

Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən akademik Urxan Ələkbərov ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib və eyni zamanda, bu mühüm nailiyyətlərin Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğal olunduğu bir dövrdə qazanıldığını söyləyib. Qeyd edib ki, ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.

Elmi-praktik konfransda çıxış edən Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva Azərbaycan bayraqları haqqında danışıb, bayrağın müqəddəs dövlət rəmzlərindən biri olduğunu deyib. Ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən söz açan Könül İmamverdiyeva Dövlət Bayrağı Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.

Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani Azərbaycanın dövlətçilik tarixindən danışıb. O, müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında dahi rəhbər Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs edib, Dövlət Bayrağı Gününün sonsuz qürur hissləri ilə qeyd olunduğunu söyləyib.

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, III kurs tələbəsi Murad Həsənxanlı respublikamızın suverenliyinin əsas atributlarından olan Dövlət bayrağımızın tarixindən danışıblar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş üçrəngli bayrağımızın hələ SSRİ vaxtında ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldıldığı xatırladılıb.

Çıxış edənlər Dövlət bayrağının xalqımızın böyük qürur mənbəyi olduğunu, ölkəmizin dünyada nüfuzunun yüksəldiyini deyib, qəsbkar ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini vurğulayıblar.

Sonra Dövlət bayrağına həsr olunmuş videoçarx nümayiş etdirilib.

     
     

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration