AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyul 15 , 2020, Çərşənbə axşamı - 06:08

Xəbərlər
“Könüllülük - vətənpərvərlik məktəbi, xalqa və dövlətə xidmət örnəyi” mövzusunda dəyirmi masa keçirilib
Yan 31 , 2020 - 10:30

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2 fevral - Gənclər Günü münasibətilə “Könüllülük - vətənpərvərlik məktəbi, xalqa və dövlətə xidmət örnəyi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bildirib ki, müstəqilliyinin bərpasından cəmi 29 il keçməsinə baxmayaraq, Azərbaycan dövlət quruculuğunun bütün sahələrində nəzərəçarpan tərəqqiyə, davamlı və inklüziv inkişafa nail olub.

Rektor deyib ki, Azərbaycan bütün dünya üçün prioritet olan davamlı inklüziv inkişaf səviyyəsinə görə planetin lider ölkələrini qabaqlayır. “Davos Dünya İqtisadi Forumunun hesabatına görə ölkəmiz inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində ön sıralardadır. Azərbaycan islahatçı ölkə kimi daim yeniliyə, müasirliyə can atır. Aparılan məqsədyönlü və ardıcıl siyasət, o cümlədən ölkə vətəndaşlarının rifahının yüksəldilməsi üçün görülən tədbirlər bunu deməyə əsas verir”, - deyə U.Ələkbərov bildirib.

Rektor Azərbaycanda aparılan gənclər siyasətinə toxunub, dövlətin gənc nəslin inkişafına böyük diqqət göstərdiyini bildirib. Qeyd edib ki, gənclərimiz də həyatın müxtəlif sahələrində əzmlə çalışaraq, xalqa və dövlətə xidmət örnəyi nümayiş etdirirlər.

Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov çıxış edərək gənclərin potensialından səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. Son illər ölkəmizdə geniş vüsət alan könüllülüyü sosial fəaliyyətin bir sahəsi adlandıran E.Əhmədov deyib: “Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Ölkəmizin müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda şübhəsiz ki, könüllü gənclərin də rolu əvəzsizdir”.

 

© Copyright 2005-2013 The Academy of Public Administration