AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyul 11 , 2020, Şənbə - 21:54

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında onlayn elmi konfrans keçirilib
May 28 , 2020 - 08:12

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr edilmiş onlayn elmi konfransı keçirilib.

Onlayn konfransın açılışında çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Xalq Cümhuriyyətinin dünya tarixinin ən demokratik dövlət qurumlarından biri olduğunu söyləyib. Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyən U.Ələkbərov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi. Rektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini, bu sahənin elmi araşdırılması və    cumhuriyyəti quran aydınlarının xatirələrinin əbədiləşdirilməsinə olan diqqəti, xalqımızın həyatında mühüm hadisə kimi dəyərləndirən rektor vurğulayıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən tarixi yüksək qiymətdir.

Onlayn konfransda Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, Hüquq kafedrasının dosenti Rahib Əkbərov məruzə ilə çıxış edərək 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu söyləyiblər. Diqqətə çatdırılıb ki, Cümhuriyyət xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib. Qısa müddətdə tarixi bir missiyanı yerinə yetirən Azərbaycan Xalq Cümhuriyyəti genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verən Cümhuriyyət bununla bütün dünya demokratiyasına böyük töhfə verib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarların qəbul olunduğu vurğulayıblar.

 

© Copyright 2005-2013 The Academy of Public Administration