AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 05 , 2020, Çərşənbə axşamı - 11:36

Xəbərlər
“Azərbaycanın siyasi təlimlər tarixi” adlı dərslik nəşr olunmuşdur
İyl 14 , 2020 - 11:02

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Fəlsəfə və sosial psixologiya” kafedrasının müəllimləri dosent Sakit Əliyev və dosent Cahangir Cahangirlinin həmmüəllif olduqları “Azərbaycanın siyasi təlimlər tarixi” adlı dərslik nəşr olunmuşdur.

Dərslik iki bölmədən ibarətdir:

“Azərbaycanın qədim və orta əsrlər dövründə siyasi ideyalar” adlanan birinci bölməyə doqquz mövzu daxildir. Bu bölmə Azərbaycanın ən qədim dövrlərindən başlayaraq XIX əsrə qədər olan dövrünü əhatə edir. Birinci bölmədə Azərbaycanda siyasi ideyaların meydana gəlməsi, təşəkkülü və inkişafı ilə bağlı məsələlər öz əksini tapmışdır. Əsasən, Azərbaycanın şifahi xalq ədəbiyyatında, müxtəlif dini dünyagörüşlərində, xüsusilə də zərdüştlüyün müqəddəs kitabı “Avesta”da, İslamın müqəddəs kitabı “Quran”da, müxtəlif ictimai-siyasi cərəyanlarda, ayrı-ayrı dövrlərdə yaşamış görkəmli mütəfəkkirlərin baxışlarında olan ictimai-siyasi ideyaların şərhinə geniş yer verilmişdir.

Dərsliyin ikinci bölməsi “Azərbaycanın yeni və ən yeni dövrlərində siyasi təlimlərin formalaşması” adlanır. Səkkiz mövzudan ibarət olan ikinci bölmə XIX əsrin əvvəllərindən bugünümüzədək olan dövrü əhatə edir.

Dərslikdə Azərbaycan xalqının ən qədim dövrlərdən başlayaraq indiyədək siyasi ideyaları, təlimləri və baxışlarının əsas inkişaf mərhələlərinin qısa təhlili və şərhi verilmişdir. Azərbaycanda müxtəlif dövrlərdə yaşayıb-yaratmış ayrı-ayrı mütəfəkkirlərin, filosofların, tarixçilərin və dövlət xadimlərinin ictimai-siyasi baxışları, onların ideya və təlimlərinin özünəməxsus xüsusiyyətləri göstərilmişdir. Dərslik hazırlanarkən Azərbaycanın ictimai-siyasi fikir tarixi ilə bağlı sovet dövründə buraxılmış nöqsanların və qəsdən edilmiş təhriflərin aradan qaldırılmasına, hadisə və proseslərə obyektiv yanaşılmasına cəhd edilmişdir.

Dərslik ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan bakalavrlar üçün nəzərdə tutulmuşdur.

© Copyright 2005-2013 The Academy of Public Administration