loader image

Dia.edu.az

Akademik Ramiz Mehdiyevin yeni əsərinin Dövlət İdarəçilik Akademiyasında müzakirəsi olub
İyl 08 , 2019 – 08:21

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı əsərinin müzakirəsi keçirilib.

Tədbiri açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov akademik Ramiz Mehdiyevin bu əsərində də əvvəlkilərdə olduğu kimi, həm problemin kökünün və necə inkişaf etdiyinin, həm də həlli imkanlarının təqdim edildiyini bildirib. Rektor deyib: “Akademik Ramiz Mehdiyevin əsərlərinin müasir Azərbaycanın inkişafı, dünyada cərəyan edən qlobal proseslərin təhlili baxımından böyük əhəmiyyəti var. Görkəmli alimin bütün əsərləri bizim akademiya üçün xüsusi əhəmiyyət daşıyır”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı diqqətə çatdırıb ki, akademik Ramiz Mehdiyevin əsərlərində dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə cərəyan edən ictimai, siyasi proseslərə, Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə, onun köklərinə, həlli perspektivlərinə fəlsəfi baxış ortaya qoyulur. Akademik yeni əsərində də, ilk növbədə, münaqişənin köklərinə nüfuz edir, ən mötəbər mənbələrə istinadla fikrini əsaslandırır. Alim bu qənaətə gəlir ki, münaqişənin mənbələrinin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün onu, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırmaq lazımdır. Əsərdə, həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin süni şəkildə yaradılması və sovet Rusiyasının strateji məqsədləri, Azərbaycanın Türkiyəyə yaxınlaşmasının qarşısını almaqdan ötrü Dağlıq Qarabağ məsələsini ortaya atması, xaricdən gətirilən ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi ilə yanaşı, azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası diqqətə çatdırılıb. Ən vacib məsələlərdən biri də əsərdə ötən əsrin 80-ci illərinin sonunda respublika rəhbərliyinin zəifliyi səbəbindən münaqişənin başlanmasının qeyd olunmasıdır. Müəllif sonrakı prosesləri mərhələlərə bölüb, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyəti, atəşkəsə nail olunması, Lissabon sammitinin müddəaları və ikili standartlar diqqətə çatdırılıb. Sonda akademik xüsusi vurğulayır ki, N.Paşinyan tərəfindən anons edilmiş “iqtisadi inqilab” və Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tezliklə və ədalətli şəkildə nizamlanmadan baş verməyəcək.

Milli Məclisin deputatı, DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə deyib: “Akademik Ramiz Mehdiyev tədqiq etdiyi mövzu ilə bağlı birbaşa proseslərin içindədir. Bu baxımdan onun əsərləri nəinki indi, gələcəkdə də oxucular və tədqiqatçılar üçün çox maraqlı olacaq. Yeni əsər sistemlidir, belə ki, burada problemin tarixi köklərindən başlayaraq bu günə qədər olan bütün mərhələlər əhatə olunur. Əsər, həmçinin faktlarla zəngindir. Eyni zamanda, əsərdə mövzu ilə bağlı yeni faktlar aşkarlanır – bu həmin faktlardır ki, biz onlara indiyə qədər diqqət yetirməmiş, öz təbliğatımızda ondan istifadə etməmişik”.

Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov əsərdə çar Rusiyasından başlayaraq sovet dövrünədək münaqişənin köklərinin hərtərəfli araşdırıldığını, müəllifin sistemli təhlil apardığını, A.Qriboyedov, S.Qlinka, N.Şavrov və başqa mənbələri tədqiqata cəlb edərək Dağlıq Qarabağ münaqişəsinin necə yarandığını oxucuya təqdim etdiyini bildirib. Əsərdən aydın olur ki, istər çar, istərsə də sovet Rusiyası konkret ərazini – Azərbaycanı ermənilər vasitəsilə nəzarətdə saxlamaq istəyir. Müstəqillik illərində Azərbaycanın inkişafı sayəsində ölkənin dünyada hörmət qazanmış sabit dövlətə çevrildiyini yazan müəllif, eyni zamanda, Dağlıq Qarabağ münaqişənin həllində sülh yoluna sadiqliyini, lakin hərbi yolla həlli hüququnu da özümüzdə saxladığını bildirir. “Əsər rus və Azərbaycan dillərində nəşr edilib. Onun BMT-nin 6 dilinə tərcümə edilməsi çox əhəmiyyətli olardı”, – deyə professor Elman Nəsirov vurğulayıb.

DİA-nın prorektoru, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayev Azərbaycan elminə töhfə olan bu əsərdə Dağlıq Qarabağ probleminin siyasi, hüquqi, tarixi aspektlərdən təhlil edildiyini söyləyib. Qeyd edib ki, müəllif əsərdə SSRİ dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədlərinin (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən “uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındığını göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov vurğulayıb ki, akademik Ramiz Mehdiyevin yeni əsəri müasir dövrdə cəlb edildiyimiz münaqişə ilə daha yaxından tanış olmaq istəyən hər bir tədqiqatçıda real təsəvvür yaradacaq, müstəqillik tariximizdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi üçün mühüm mənbə rolunu oynayacaq.

Professor Elçin Əhmədov bildirib ki, əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlarla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni olması sübut edilir: “Müəllif qeyd edir ki, 1980-ci illərin axırlarında SSRİ-də “yenidənqurma” adı altında baş verən hadisələrə və dağıdıcı proseslərə diqqətlə nəzər saldıqda, qondarma “Dağlıq Qarabağ problemi”nin tamamilə süni mahiyyət daşıdığı aydın olur. Həmin dövrdə SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana inteqrasiya edilməsi üçün əlverişli siyasi zəmin yaradıldı”.

Əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin zəngin mənbələr əsasında kompleks şəkildə araşdırıldığını vurğulayan Elçin Əhmədov onu alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından Azərbaycan elminin böyük nailiyyəti kimi səciyyələndirib.

DİA-nın hüquq kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Namiq Əliyev deyib: “Akademik Ramiz Mehdiyevin bu və əvvəlki əsərləri göstərir ki, Dağlıq Qarabağ problemi daim diqqətdə olmalıdır. Bu baxımdan əsər çox vaxtında yazılıb və orada qaldırılan məsələlərdən biz müəyyən nəticələr çıxarmalıyıq”.

Müzakirələrə yekun vuran akademik Urxan Ələkbərov qeyd edib ki, akademik Ramiz Mehdiyev həm görkəmli alim, həm də yüksək idarəçilik təcrübəsinə malik şəxsiyyətdir. Onun bu əsərdə əksini tapan fikirləri vacibdir. Bu əsər də, əvvəlkilər kimi, tədris proqramına daxil edilməlidir.