preloader-matrix

Dia.edu.az

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizmin aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib
Apr 24 , 2015 – 04:10

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizmin aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə təşkil edilib.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq Azərbaycandakı tolerantlıq ənənələri, multikultural mühit haqqında danışıb. Rektor bildirib ki, Azərbaycanın tolerantlıq, multikulturalizm modeli və təcrübəsi dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir.

Konfransda Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin əhəmiyyəti”, Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev “Multikulturalizmin bəzi sosial-fəlsəfi problemləri” mövzularında məruzələrlə çıxış ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov rəhbərlik etdiyi qurumun Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsində rolundan danışıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətindən, Azərbaycan multikulturalizmi modelindən və bu modelin dünyada tanıdılması istiqamətində görülən işlərdən ətraflı söhbət açıb. İcraçı direktor “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkələrin universitetlərində tədris olunmasından da bəhs edib.

Azad Məmmədov Azərbaycan Respublikasının multikulturalizmi özünün dövlət siyasəti kimi bəyan etməsindən, Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü işdən, dövlətimizin başçısının bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanda əldə olunan əlverişli multikultural və tolerant mühitdən danışıb.

Prezident yanında Bilik Fondunun aparat rəhbəri Hacı Abdulla ölkəmizdə multikultural mühitin möhkəmləndirilməsində fondun həyata keçirdiyi layihələrdən söhbət açıb.

Konfrans müzakirələrlə davam edib.