Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
Okt 16 , 2019 – 02:55
Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ictimai fikrin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov çıxış edərək Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb.
Əhməd bəy Ağaoğlunun xidmətlərindən danışan rektor bildirib ki, o, daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tutur.
Azərbaycanın Macarıstandakı səfiri, Əhməd bəy Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyev böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından söz açıb. Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.
Professor Mübariz Süleymanlı, DİA-nın siyasi-idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Türkiyə səfirliyinin müşaviri İrfan Çiftçi və digər çıxış edənlər Əhməd bəy Ağaoğlunun ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini, milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət olduğunu söyləyiblər. Bildirilib ki, Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
Çıxışlarda Əhməd bəy Ağaoğlu irsinin oxuculara çatdırılmasında Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyevin araşdırmalarının müstəsna əhəmiyyəti vurğulanıb.