Dövlət İdarəçilik Akademiyasının komandası “Enactus-2019” dünya çempionatında yüksək nailiyyət qazanıb
Sen 26 , 2019 – 11:55
Cari ilin 16–18 sentyabr tarixlərində Silikon Vadisində Enactus Global və San Jose Şəhər Administrasiyasını təşkilatçılığı ilə keçirilən 2019 Dünya Çempionatında ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbə və müdavimlərindən ibarət komanda təmsil etmişdir.
Dünyanın innovasiya paytaxtı kimi tanınan Silikon Vadisində təşkil olunmuş dünya çempionatına 36 ölkədən (Şimali və Cənubi Amerika, Avropa Birliyi, Afrika, MDB, Asiya və Okeaniya) milli komandalar və on mindən artıq qonaq qatılmışdır.
San-Xose McEnery Konqres Mərkəzində keçirilən yarışın açılışını şəhər meri Sam Liccardo və ABŞ Dövlət Departamentinin Qlobal Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Tomas Debas etdilər. Tədbirdə ABŞ-ın və dünyanın qabaqcıl şirkət rəhbərləri iştirak edirdi.
Tədbirin ilk günü qloballaşma üzrə beynəlxalq forum və milli mədəniyyətlər günü keçirilmişdir. “Milli mədəniyyət günü” təqdimatında tədbir iştirakçılarına ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə geniş məlumat verilmişdir. Milli guşəmizin hazırlanmasına Los Anceles şəhərində yerləşən Baş Konsulluğumuz dəstək vermişdir.
Tədbirin ikinci günü püşkatma mərasimi olmuş və yarışlara start verilmişdir. Dünya çempionatında münsiflər heyəti qismində layihə idarəetməsi üzrə beynəlxalq dərəcəli ekspertlər, tanınmış şirkət rəhbərləri və onların nümayəndələri cəlb olunmuşdur.
Komandamız liqa yarışlarında iki innovativ layihə təqdimatı ilə iştirak etmişdir. Münsiflərin qərarına əsasən millimiz qrup liqasında qalib seçilmiş və yarım-final mərhələsinə keçmişdir. Yarımfinal mərhələsində Misir komandası finala çıxmış və Enactus-2019 dünya kubokunun qalibi seçilmişdir. II yerə Kanada, III yerə isə ABŞ millisi layiq görülmüşdür. Azərbaycan milli komandasına yarımfinal kuboku və medallar təqdim edilmişdir.
Qeyd edək ki, ölkəmizin müxtəlif ali təhsil müəssisələri 2006-cı ildən başlayaraq bu beynəlxalq platformada keçirilən dünya çempionatlarında indiyə qədər 14 dəfə təmsil olunmuş, lakin ilk dəfə dünya birinciliyində yarım final mərhələsinə keçən məhz Prezident yanında Dövlət İdarəçilik Akademiyasının komanda heyəti olmuşdur.
Sonda dünya çempionatın yekunlaşması münasibəti ilə bağlanış mərasimi təşkil olunmuş, iştirakçılar və qonaqlar üçün musiqili proqram təşkil olunmuşdur. Məlumat üçün qeyd edək ki, Enactus beynəlxalq platformasının əsas məqsədi ölkələrdə iqtisadi potensialın gücləndirilməsində gənclərin rolunu artırmaq, onların sahibkarlıq təşəbbüslərini stimullaşdırmaq, bu cür vərdişləri inkişaf etdirərək sosial biznes ideyalarını gənclər arasında təbliğ etməkdir.