Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans: “Dövlət qulluğunun aktual problemləri”
İyn 21 , 2019 – 11:30
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr edilən konfrans Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə reallaşıb. Konfrans “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Prezident Administrasiyası rəhbərinin “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında Sərəncamı əsasında keçirilib.
Konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın qısa müddətdə inklüziv və davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olduğunu bildirib. Vurğulayıb ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Ölkənin qazandığı uğurların əsasında insan potensialının formalaşması, idarəedilməsinə elmi yanaşma əsas yer tutur.
Prezidentin vətəndaşlara münasibəti bütün məmurlar üçün örnəkdir
Elmi-praktik konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 2006-cı il 25 may tarixli Sərəncamı ölkədə demokratik, hüquqi, dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu artırmaq məqsədilə atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikası praqmatik, gələcəyin hədəflərini çox düzgün seçməyi bacaran, özünü uzaqgörən siyasətçi kimi təsdiq edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi islahatlarla çoxlarını heyrətə salıb. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərin əsas səbəbini ulu öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiləşməsinə yönəldilmiş siyasətinin onun layiqli varisi İlham Əliyev tərəfindən böyük qətiyyətlə davam etdirilməsində, bu siyasətin mütəmadi olaraq müasir dövrün çağırışlarına uyğun surətdə yeni ideyalar və konsepsiyalarla zənginləşdirilməsində axtarmaq lazımdır. Məhz bu siyasət nəticəsində son illərdə ölkənin iqtisadi potensialı və müdafiə qüdrəti dəfələrlə artıb.
Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov vurğulayıb ki, iqtisadi nailiyyətlərimiz ölkəmizin müdafiə qüdrətini getdikcə artıracaq və Qarabağa böyük qayıdışın sürətli davamı təmin ediləcək, bütün bunların nəticəsində Azərbaycan dövlətinin nüfuzu daha da möhkəmlənəcək.
Prezident Administrasiyasının şöbə müdiri dövlət qulluğuna kadr hazırlanmasında Dövlət İdarəçilik Akademiyasının fəaliyyətini xüsusi qeyd edərək deyib: “Dövlət İdarəçilik Akademiyası respublikamızın ən nüfuzlu ali məktəblərindən biridir. Öz spesifik tədris proqramı, metodikası ilə başqa ali məktəblərdən seçilir. Burada təhsilini başa vuran hər bir şəxs dövlət qulluqçusu kimi müstəqil Azərbaycan dövlətinin idarəetmə sistemində çalışır, onun inkişafında yaxından iştirak edir və gələcəkdə də yaxından iştirak edəcək”.
Süleyman İsmayılov Dövlət Qulluğunu İdarəetmə Şuranın üzvü kimi son illərdə dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı fikirlərini də bölüşüb. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət qulluğu sahəsində yeni dövr başlanıb. Son 26 ildə yüzlərlə qanun, fərman, sərəncam imzalanıb, qərarlar qəbul olunub. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2000-ci il iyulun 21-də qəbul olunduğunu xatırladan Süleyman İsmayılov həmin vaxtdan bəri bu qanundan irəli gələn çoxlu sayda normativ hüquqi aktlar imzalandığını, eyni zamanda, bu qanuna çoxlu sayda əlavələr və dəyişikliklər olduğunu, son nəticədə mükəmməl bir sənədin ortaya çıxdığını bildirib. Diqqətə çatdırıb ki, sözügedən qanun qəbul olunandan bugünə qədər ona 180-dən çox əlavə və dəyişiklik edilib. Bütün bunlar qanunun təkmilləşməsinə yönəlib.
Süleyman İsmayılov vurğulayıb ki, dövlət quruculuğu məsələləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Son 5-6 il ərzində dövlət quruculuğu məsələləri ilə bağlı 450-dən çox fərman, sərəncam, qanun imzalanıb. Prezident İlham Əliyev dövlət qulluqçuları qarşısında ciddi tələblər qoyub. Prezidentin vətəndaşlara, onların müraciətlərinə olan münasibəti bütün məmurlar üçün örnəkdir.
Ölkənin idarə olunmasında və inkişafında dövlət qulluqçularının rolu böyükdür
Süleyman İsmayılov onu da diqqətə çatdırıb ki, dövlət qulluğu heç də müəyyən səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyinlərinə böyük bir yük düşür. Ölkənin idarə olunmasında, onun inkişafının daha da sürətlənməsində dövlət qulluqçularının böyük rolu var.
Dövlət qulluğunda çalışanlarla bağlı statistik göstəriciləri diqqətə çatdıran şöbə müdiri Süleyman İsmayılov deyib ki, 2019-cu il yanvar ayının 1-nə olan məlumata görə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan son struktur islahatları nəticəsində onların sayı 0,7 faiz azalıb. Dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının orta yaş həddi 43 ildir. Bu rəqəm gənclərə zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı yaradır. 35-44 yaş arasında olan dövlət qulluqçularının sayı 26,3 faiz, 63-64 yaş arasında olan dövlət qulluqçularının sayı isə 2,9 faizdir. Bütövlükdə dövlət orqanlarında çalışan dövlət qulluqçularının sayı ölkənin məşğul əhalisinin çox cüzi bir hissəsidir – 0,6 faiz. Ona görə də dövlət qulluğunda çalışan hər bir şəxs hazırlıqlı olmalı və öhdəsinə düşən vəzifəni yüksək keyfiyyətlə icra etməlidir.
Prezident Administrasiyasının şöbə müdiri son vaxtlar ölkədə həyata keçirilən sosial islahatların əhəmiyyətini qeyd edərək, dövlətimizin başçısı İlham Əliyev tərəfindən iyunun 18-də təqdim olunmuş sosial paketdə dövlət qulluqçularının maaşlarının artırıldığını vurğulayıb, bütün bunların müvafiq sahələrdə çalışanların daha yaxşı işləməsinə stimul yaratdığını deyib.
Sonra Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir. Bu sahədə Dövlət İmtahan Mərkəzinin üzərinə düşən əsas vəzifələrdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və səmərəli əsaslarla aparmaqdan ibarətdir.
Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb
Elmi-praktik konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində yeni texnologiyalar: Azərbaycan Respublikasının innovativ təcrübəsi beynəlxalq təşkilatların sənədlərində” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb. Dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən Urxan Ələkbərov dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərini Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını vurğulayıb. Eyni zamanda, o, dövlət qulluğu üçün kadr potensialının gücləndirilməsinin ölkədə inklüziv inkişafın planlaşdırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcəyini bildirib.
Məruzədə beynəlxalq təşkilatların 2018-2019-cu illərdə dərc edilən rəsmi statistik məlumatları təhlil olunub. Həmçinin Dünya İqtisadi Forumunun təsisçisi və fəxri prezidenti Klaus Şvabın hazırladığı qlobal hesabat nəzərdən keçirilib. Qeyd olunub ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə edilib. Azərbaycan bu göstərici üzrə ABŞ, Almaniya, Danimarka, Kanada, Fransa, Yaponiya kimi inkişaf etmiş ölkələri geridə qoyub.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq vəziyyətindədir.
Konfrans iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıb. Həmin texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlətimizin başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində Davos İqtisadi Forumunun 2018-ci ilin yanvarında dərc olunan hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Bu və digər təqdirəlayiq nəticələr ölkənin səmərəli idarə olunmasından və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verir.
Sonra DİA-nın rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması institutunun direktoru, professor Gülnarə Qurbanova “Dövlət qulluqçularının təhsilində davamlı inklüziv inkişaf naminə innovativ metodlar”, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Azərbaycanda dövlət qulluğuna qəbul: cari vəziyyət, hədəflər və çağırışlar”, Mərkəzin İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “Dövlət qulluğu ilə bağlı elektron xidmətlər” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan bəhs edilib.
Daha sonra DİA-da rəhbər dövlət idarəçiliyi sahəsində ixtisaslaşaraq məzun olan dövlət qulluqçularına magistr dərəcəli diplomlar təqdim edilib.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, müxtəlif nazirliklərin, Heydər Əliyev Mərkəzinin, Ombudsman Aparatının, Mərkəzi Seçki Komissiyasının, Baş Prokurorluğun, dövlət komitələri və xidmətlərinin, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.