Dövlət İdarəçilik Akademiyasında “İnklüziv cəmiyyətin qurulmasında gənclərin rolu” mövzusunda Elmi Seminar keçirilib
May 30 , 2019 – 03:45
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının təşəbbüsü və “Davamlı inkişafın idarə edilməsi” ixtisasında təhsil alan tələbə və magistrantların iştirakı ilə “İnklüziv cəmiyyətin qurulmasında gənclərin rolu” mövzusunda Elmi Seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan DİA-nın rektoru akademik Urxan Ələkbərov müasir dövrdə cəmiyyətin inklüziv inkişafının əhəmiyyətini vurğulayaraq, bu prosesdə gənclərin oynadığı mühüm rolundan danışıb. Rektor qeyd etdi ki, Azərbaycanda müşahidə edilən inklüziv inkişafın nəticələrini bütün vətəndaşların öz həyatlarında hiss etmələri əsası hələ XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bugün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idarəçilik strategiyasının innovativ xarakteri ilə birbaşa bağlıdır. Bu strategiyanın davamlı olması isə gələcək nəsillərin və xüsusən də indiki gənc nəslin üzərinə böyük məsuliyyət qoyur.
Sonra tədbirdə tələbə gənclərdən Əhmədzadə Nəzrin, Hacızadə Çinarə, Məmmədzadə Fidan, Əliyeva Milana, Orucova Nuray, Mehdiyeva Səma və digərləri davamlı inkişafda innovativ texnologiyalar, yoxsulluğun azaldılması, sosial mühitə təsirlərin qiymətləndirilməsi, gender bərabərsizliyinin aradan qaldırılması, alternativ enerji mənbələri və s. mövzularda çıxışlar etdilər.
Daha sonra “Davamlı inkişafın təmin olunmasında ASAN xidmətin rolu”, “Alternativ və bərpa olunan enerji mənbələri”, “Yaşıl və göy iqtisadiyyat davamlı inkişafın amili kimi”, “Azərbaycan regionlarının inklüziv inkişaf potensialının qiymətləndirilməsi”, “Lənkəran-Astara iqtisadi rayonunda kənd təsərrüfatı strateji sektor kimi”, “Süni balıqartırma və əmtəə balıqçılığının tarixi və iqtisadi durumu”, “Azərbaycanda davamlı inkişaf sahəsində dövlət siyasəti”, “Davamlı inkişafda təbii resursların idarə edilməsi”, “Davamlı inkişafda sosial indikatorlar”, “Davamlı inkişafda yaşıl enerji” mövzularında Acalova Fatimə, Rzayev Qurban, Abdullayeva Fərəh, Kərimli Emilya, Babayev Ramil, Mərdanlı Fədai, Axundova Dilbər, Cəfərova Elnarə, Zeynalova Seyidgöyçək və digər tələbələrin hazırladıqları posterlərin tədqimatı oldu.