loader image

Dia.edu.az

Müasir dövlət idarəçiliyinin təşkilati əsaslari: 15 il innovativ inkişaf yollarinda
May 15 , 2019 – 03:11

Mayın 14-də İsmayıllı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün növbəti səyyar seminar keçirilib. Seminarı giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb.

Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi”  mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini yalnız 28 il öncə bərpa etməsinə baxmayaraq, qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Məruzədə beynəlxalq təşkilatlar tərəfindən 2017-2018-ci illərdə dərc edilmiş rəsmi statistik bilgilər təhlil olunub. Eyni zamanda Davos Dünya Forumunun təsisçisi və Prezidenti professor Klaus Martin Şvabın hazırladığı qlobal hesabat nəzərdən keçirilib. Bildirilib ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə olunub. Azərbaycan bu baxımdan iqtisadi göstəriciləri daha üstün ABŞ, Almaniya, Danimarka, Kanada, Fransa, Yaponiya kimi ölkələri geridə qoyub.  Qeyd edilib ki, Ümummili lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə, müasir Azərbaycan Respublikası hazırda yüz illik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Seminar iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıblar. Sözügedən texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun  xüsusi rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında baş tutan Davos İqtisadi Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Bu və bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyi xüsusi vurğulanıb.  

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor  Elman Nəsirov “Dünyada və  bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi” mövzusunda məruzəsində müstəqil dövlət olaraq hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuzun onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı təhlükəsizlik siyasətinin çevikliyindən və səmərəliliyindən asılı olduğuna diqqət çəkib. Vurğulanıb ki, hal – hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meylli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir və tərkib hissəsi olduğu regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.  Natiq ölkənin işğalçılıq siyasətinin qurbanı olmasına baxmayaraq həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və balanslı siyasi strategiya əsasında münasibətlər qurması sayəsində  güclü milli və regional faktora çevrildiyini, beynəlxalq aləmlə uğurlu inteqrasiyasını və əksər geosiyasi aktorlarla qarşılıqlı-faydalı əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.  

“Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli innovasiyaların dövlət sektorunda tətbiq olunmasının əsas məqsədləri və dövlət qulluğunda innovasiyaların tətbiqinin dövlət qulluğunun inkişafı strategiyası ilə bağlılığı haqqında geniş məlumat verib. Qeyd edilib ki, hazırda ölkəmizdə haqqında məlumat verərək innovasiyaların tətbiqi gedişində səmərəli texnologiyalar, təşkilati formaların, potensial layihələrin, innovativ idarəetmə alətlərinin seçiminə xüsusi diqqət yetirilir. Natiq Azərbaycanda bu istiqamətdə reallaşdırılan məqsədyönlü siyasətin ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdiyinə, vətəndaş cəmiyyəti institutlarının inkişafına təkan verdiyinə diqqət çəkib. Eyni zamanda dövlət qulluqçularının fəaliyyətinin ölkənin inkişafında, vətəndaşların rifahının yüksəlməsində  təzahürünü tapdığı vürğulanıb. Bildirilib ki, dövlət qulluğunun təşkili çərçivəsində reallaşdırılan əsaslı dəyişikliklər, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət qulluğunda səriştə modelinin tətbiq edilməsi ilə əlaqədar nəzərdə tutulan yeni innovativ yanaşma və təşəbbüslər bu institutun nüfuzunun daha da artmasına imkan yaradacaq və Azərbaycanın yeni uğurlarına qapı açacaq.

Seminarın yekununda iştirakçıların sualları cavablandırılıb.

Sonda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dəyərli və çox gərəkli mövzuda seminar keçirdikləri, idarəetmənin müasir dövrünün müxtəlif istiqamətlərini özündə əks etdirən çıxışlara görə qonaqlara təşəkkürünü bildirib.