DİA-da dəyirmi masa: Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya
May 13 , 2019 – 08:35
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya” mövzusunda dəyirmi masa keçirilib.
Milli Məclis deputatlarının, professor və müəllimlərin iştirak etdikləri tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişaf mərhələlərindən danışıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında əməkdaşlığın qurulmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub.
Akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da genişləndiyini söyləyib.
Sonra Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov ulu öndər Heydər Əliyevin Nursultan Nazarbayevlə dostluq münasibətlərini qeyd edib və iki xalqın liderləri arasındakı münasibətin ölkələrimizin bir-birinə yaxınlaşmasında mühüm rolunu vurğulayıb.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan Elman Nəsirov Azərbaycan-Qazaxıstan əlaqələrindən bəhs edib. Bildirib ki, Nursultan Nazarbayev beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim müdafiə edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Azərbaycan-Qazaxıstan qardaşlıq münasibətlərinin əhəmiyyətini diqqətə çatdırıb, dahi rəhbər Heydər Əliyevin çoxəsrlik əlaqələrimizin inkişafında xidmətlərini vurğulayıb.
Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirən deputat Hikmət Babaoğlu Azərbaycanın bu gün sürətlə tərəqqi etdiyini, respublikamız ilə Qazaxıstan əməkdaşlığının yüksək səviyyədə olduğunu deyib. Hikmət Babaoğlu Nursultan Nazarbayevin Azərbaycana xoş münasibətindən danışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, politoloq Tofiq Abbasov qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri Avrasiya məkanında vacib inkişaf amilinə çevrilib. Çünki iki dövlət arasında çox etibarlı və yüksələn xətt üzrə davam edən əməkdaşlıq mövcuddur.
Tofiq Abbasov ölkələrimizin tam sabitlik şəraitində tərəqqi etdiklərini diqqətə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, deputatlar Cavanşir Feyziyev, Aydın Hüseynov, Azər Badamov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirərək, Azərbaycan-Qazaxıstan dostluğunun və əməkdaşlığının əhəmiyyətindən danışıblar.