DİA-da “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”nin növbəti məşğələsi keçirilib
Apr 04 , 2019 – 11:27
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”nin növbəti açıq dərsi keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycançılıq konsepsiyası: cəmiyyətdə və ədəbiyyatda” mövzusunda məruzəsi dinlənilib.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsinin əhəmiyyətindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Rektor bu gün əldə edilmiş nailiyyətlərin əsasında ölkə rəhbərinin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan bir çox istiqamətlərdə regional və qlobal liderə çevrilib, qazanılan uğurların kökündə yalnız yaxşı idarəçilik, Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəetmə texnologiyaları və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun uğurlu əlaqələndirilən birgə fəaliyyəti dayanır.
Urxan Ələkbərov akademik İsa Həbibbəylinin elmi, ictimai-siyasi fəaliyyətindən söz açıb, onun Azərbaycan elminin inkişafında, Milli Məclisdə bu sahədə mühüm sənədlərin qəbul edilməsində mühüm rolu olduğunu xüsusi qeyd edib.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Ulu Öndərin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu söyləyib. Bildirib ki, dahi şəxsiyyətin milli-mənəvi dəyərlərə qayğısı, milli ruhun dirçəldilməsi sahəsində atdığı addımlar xalqımızda müstəqillik hisslərinin getdikcə güclənməsinə zəmin yaradıb. İsa Həbibbəyli təhsil, elm, mədəniyyət və ədəbiyyatın inkişaf dinamikasını təhlil edərək Ümummilli Liderin bütün sahələrdə həyata keçirdiyi çoxşaxəli mütərəqqi dəyişikliklərin ölkəmizdə mədəni həyatın canlanmasına gətirib çıxardığını diqqətə çatdırıb. O, əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışıb.
İ.Həbibbəyli deyib: “Müstəqil Azərbaycan hər bir azərbaycanlı üçün idealdır və müstəqil dövləti olmaq hər bir vətəndaş üçün böyük xoşbəxtlikdir. Azərbaycan xalqı Azərbaycan dövlətinin yaradıcısıdır və qarantıdır. Azərbaycan dili xalqımızın ana dili və ölkəmizdə dövlət dilidir. Azərbaycançılıq müstəqil dövlətimizin milli dövlətçilik ideologiyasıdır. Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyev azərbaycançılığı ümummilli ideya, müstəqil dövlətçilik ideologiyası səviyyəsinə qaldırıb. Ümummilli Lider azərbaycançılıq ideologiyasının banisidir. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin milli ideologiyasını yeni keyfiyyətlərlə daha da zənginləşdirib”.
Akademik diqqətə çatdırıb ki, Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərində ana dilində yaranan ədəbiyyat faktoru əsas götürülməklə ədəbiyyatımızın Məhəmməd Füzulidən başlaması fikri irəli sürülüb. Anadilli ədəbiyyat prinsipini əsas kimi qəbul etməklə Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatını İmadəddin Nəsimidən, İsmayıl Hikmət İzzəddin Həsənoğludan, Mehmet Fuad Köprülüzadə isə Qazi Bürhanəddindən başlamağı məqsədəuyğun sayıblar. Nizami Gəncəvinin əsərlərində Bərdədən və Dərbənddən, Əfzələddin Xaqaninin Şamaxı, Təbriz və Şabrandan, Qətran Təbrizinin Ərdəbil, Gəncə, Naxçıvan, Sərab, Şadiabaddan söz açmaları bu ədəbiyyatda Azərbaycan mövzusunun, milli ruhun özünəməxsus yer tutduğunu əks etdirir. Nizami Gəncəvi yaradıcılığındakı türk-azərbaycanlı obrazları: Nüşabə, Məhinbanu, Şirin, Fitnə, Sultan Səncərlə üz-üzə gələn Qarı surətləri, həmçinin Xarəzm və Səqlab gözəlləri dahi şairin milli mövqeyini nümayiş etdirir. Təzkirələrdə Nizami Gəncəvinin Azərbaycan dilində “Divan”ının olması barədə rəsmi məlumatların olması da intibah dövrü Azərbaycan ədəbiyyatında anadilli poeziyanın mövcudluğunu düşünməyə əsas verir.
Azərbaycan tənqidi realizmi ilə “Molla Nəsrəddin” ədəbi məktəbinin məqsədləri və vəzifələri bir-birini tamamlayır. Azərbaycançılıq mollanəsrəddinçilik təliminin ideya əsasını və hərəkətverici qüvvəsini təşkil edir. Mollanəsrəddinçilik və azərbaycançılıq sinonim siyasi-ideoloji baxışlar səviyyəsində səslənir. “Açıq ana dilində” yazmaq, “açıq yazmağı da bacarmaq” mollanəsrəddinçilik hərəkatını təmsil edən şair və yazıçıların əsas üslubi istiqamətini müəyyən edir.
AMEA-nın vitse-prezidenti Ulu Öndərin Naxçıvandakı fəaliyyətindən də ətraflı söhbət açıb, həmin dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində xalqımız və ölkəmiz üçün mühüm tarixi qərarların qəbul edildiyini söyləyib.
Akademik İ.Həbibbəyli Ümummilli Liderin Azərbaycanı təhlükələrdən xilas edərək müstəqilliyimizin əbədiliyini təmin etdiyini bildirib: “Ümummilli Lider müdrik siyasəti sayəsində 90-cı illərin əvvəllərində ölkəmizi vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas edib. Ulu öndər Heydər Əliyev ölkə tarixində ilk dəfə olaraq azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsa da, əsrlərboyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir”.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.