Müasir dövlət idarəçiliyinin təşkilati əsaslari:15 il innovativ inkişaf yollarinda
Mart 12 , 2019 – 12:01
Martın 11-də Sabirabad rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səyyar seminar keçirilib.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini yalnız 28 il öncə bərpa etməsinə baxmayaraq, qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Məruzədə beynəlxalq təşkilatlar tərəfindən 2017-2018-ci illərdə dərc edilmiş rəsmi statistik bilgilər təhlil olunub. Qeyd edilib ki, Ümummili lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə, müasir Azərbaycan Respublikası hazırda yüz illik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Seminar iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıblar. Sözügedən texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında baş tutan Davos İqtisadi Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Həmin ölkələr sırasında inkişaf etmiş Avropa İttifaqı dövlətləri də var. Bu və bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyi xüsusi vurğulanıb.
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov “Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi” mövzusunda məruzəsində ölkənin işğalçılıq siyasətinin qurbanı olmasına baxmayaraq bölgədə və bütünlükdə dünyada təhlkəsizliyin etibarlı təminatına yönəlik siyasət yeritdiyinə diqqət çəkib. Vurğulanıb ki, hal – hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meylli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir və tərkib hissəsi olduğu regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.
“Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli nüvəsinin dövlət qulluğu olduğu dövlət idarəçiliyində innovasiyaların tətbiqinin yeni dövlətçiliyin inkişafı strategiyası ilə bağlılığından bəhs edib. Qeyd edilib ki, hazırda ölkəmizdə innovasiyaların tətbiqi gedişində səmərəli texnologiyalar, təşkilati formaların, potensial uğurlu layihələrin, innovativ idarəetmə alətlərinin seçiminə xüsusi diqqət yetirilir. Natiq bunun sayəsində Azərbaycanda dövlət qulluqçularının fəaliyyətinin ölkənin inkişafında, vətəndaşların rifahının yüksəlməsində təzahürünü tapdığını vürğulayıb. Eyni zamanda bildirilib ki, dövlət qulluğunun təşkili çərçivəsində reallaşdırılan əsaslı dəyişikliklər, tətbiq edilən yeni innovativ yanaşma və təşəbbüslər bu institutun nüfuzunun daha da artmasına imkan yaradacaq və Azərbaycanın yeni uğurlarına qapı açacaq.
Seminarın yekununda iştirkçıların sualları cavablandırılıb.