loader image

Dia.edu.az

“Dövlət təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir
Mart 07 , 2019 – 09:52

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyi ərəfəsində “Dövlət təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir.

Xidmətin məsul əməkdaşlarının, akademiyanın professor-müəllim heyəti və tələbələrinin iştirak etdikləri konfransı DİA-nın rektoru, akademik Urxan Ələkbərov açmışdır. Rektor dövlət təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışmış, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləmişdir. Bildirilmişdir ki, gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz harada olmasına baxmayaraq, müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar.

Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor, qarşıdan gələn peşə bayramı münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyini və əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Tural Məmmədov çıxışında 100 il öncə yaradılan Azərbaycan təhlükəsizlik orqanlarının tarixindən bəhs etmişdir. Bildirmişdir ki, Azərbaycanın ilk təhlükəsizlik orqanı 1919-cu il martın 28-də fəaliyyətə başlamışdır. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığını diqqətə çatdıran natiq demişdir ki, beləliklə də həmin illərdə gələcək xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanmışdır.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin yaradılmasına imkan vermişdir. Bütün bunlar təhlükəsizlik orqanlarının ölkənin ümumi tərəqqisinin möhkəm təməllərinin qoyulmasında daha yaxından iştirakına şərait yaratmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın sivil, demokratik, hüquqi dövlət kimi inkişafına yönəlmiş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi üçün əlverişli şəraitin yaradılmasında DTX əməkdaşları da yaxından iştirak edirlər.

 T.Məmmədov vurğulamışdır ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyillərlə üzləşmək və s. təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə edilmiş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Çünki Azərbaycanın inkişafına qısqanclıqla yanaşan qüvvələr də vardır. Bizim müstəqil siyasətimizi həzm edə bilməyən belə qüvvələr Azərbaycan ərazisində yeni separatçılıq ocaqları yaratmaq niyyətindən əl çəkmirlər. Onlar gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq gənclərimizin mütləq əksəriyyəti belə yad təsirlərdən uzaq dururlar. Onlar ölkəmizin tərəqqisi, öz gələcəkləri naminə yürüdülən siyasətə dəstək verirlər. Əminəm ki, gənclərimiz Ulu Öndərin zəngin irsini dərindən öyrənməklə onun xalqımızın işıqlı gələcəyinə ünvanlanmış ideallarına sadiq qalacaq, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Sonra akademiyanın Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova çıxış etmişlər. Çıxışlarda dövlət təhlükəsizlik orqanlarının yaranması və fəaliyyəti tarixi aspektdən təhlil edilmiş, müasir dövrdə dövlət təhlükəsizliyin təminatında gənclərin rolundan danışılmışdır. Bildirilmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilmişdir.

Sonda konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.

Konfrans iştirakçıları olan qonaqlar DİA-da fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi və Qarabağ Araşdırmalar Mərkəzi ilə tanış olmuşlar.