Dövlət İdarəçilik Akademiyası ilə Dövlət Miqrasiya Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
Fev 15 , 2019 – 11:05
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Dövlət Miqrasiya Xidməti (DMX) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi DİA-nın rektoru, akademik Urxan Ələkbərov və DMX-nin rəisi Vüsal Hüseynov imzalayıblar.
Memorandum kadr potensialının gücləndirilməsi məqsədilə yüksəkixtisaslı kadrların hazırlanması, dövlət qulluğu sistemində çalışan gənc kadrların ixtisasının artırılması üzrə ixtisasartırma kurslarının təşkili, dövlət idarəetməsi sahəsində təhsil alan gənc kadrların könüllülük proqramlarında iştirakını, onların praktik təcrübə əldə etmələrini dəstəkləmək istiqamətində əməkdaşlıq və digər məsələləri əhatə edir.
İmzalanma mərasimində çıxış edən rektor Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının nailiyyətləri və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin son 15 ildə ölkədə həyata keçirdiyi davamlı inkişafın uğurlu nəticələri, inklüziv cəmiyyətin formalaşması sahəsində görülən işlərin müsbət nəticələrini qeyd edib. Rektor ölkəmizdə nadir idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşdırılması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafına diqqət çəkib. U.Ələkbərov vurğulayıb ki, ölkəmizin qısa müddətdə iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə qazandığı yüksək nailiyyətlər, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib.
DMX-nin rəisi Vüsal Hüseynov bildirib ki, ölkəmizdə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq önəmli addımlardan biridir. Son illər iqtisadi gücü daha da artan respublikamızın dünyada iş adamları üçün əlverişli biznes mühitinə malik dövlətlərdən birinə çevrildiyini vurğulayan Xidmət rəisi belə bir şəraitdə ölkəmizə keyfiyyətli işçi qüvvəsinin cəlb edilməsinin, digər tərəfdən, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin ümdə vəzifələrdən olduğunu, miqrasiya proseslərinin nəzarətdə saxlanılmasında bacarıqlı kadr potensialına ehtiyac duyulduğunu diqqətə çatdırıb. Memorandumun məqsədindən danışan V.Hüseynov bildirib ki, sənəddə dövlət idarəetməsi sahəsində ixtisaslaşan gənclər arasında respublikamızda miqrasiya sahəsində islahatların aparılması, dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi, onlara yeni biliklərin verilməsi, gənclər arasında miqrasiya sahəsinə marağın artırılması nəzərdə tutulur.