loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Bern universitetinin professorunun məruzəsi dinlənilib
Noy 23 , 2018 – 11:28

Dövlət İdarəçilik Akademiyasında Bern Universitetinin professoru Volf  Linderin və İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə DİA-nın müəllim və tələbə heyətinin görüşü olub. Görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan ilə İsveçrə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini qeyd etdi. Rektor Azərbaycanın uğurlarından söz açaraq bildirdi ki,  bu gün ölkəmizin sürətli inkişafının və davamlı inklüziv inkişaf tempinə görə dünyanın aparıcı ölkələrindən irəlidə olmasının əsasında ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti dayanır. O, həmçinin, ölkəmizin sürətli inkişaf prosesində vətəndaş cəmiyyətinin, xüsusən də Heydər Əliyev Fondunun, onun rəhbəri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  rolunu xüsusi vurğuladı.        

Görüşdə çıxış edən  səfir cənab Filip Ştalder Bern Universitetinin professoru ilə görüşü təşkil etdiyinə görə Akademiyanın rəhbərliyinə təşəkkürünü bildirdi və bu cür görüşlərin ölkələrimiz arasında elmi əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını qeyd etdi. Daha sonra professor Volf  Linderin “Demokratiyaya gedən bir çox yol- İsveçrə niyə və necə fərqlidir” mövzusunda məruzəsi dinlənildi. Təqdimat zamanı  İsveçrədə demokratiyanın tarixi, inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri və müasir vəziyyəti haqqında məlumatlar iştirakçıların nəzərinə çatdırıldı. Professor birbaşa demokratiya və onun xüsusi forması  olan  referendumun keçirilməsi qaydaları, əhalinin siyasi qərar qəbul etmə proseslərində iştirakı, həmçinin İsveçrənin Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlığının müxtəlif aspektləri barədə geniş məlumat verdi.  Qarşılıqlı diskussiya şəraitində keçən görüşün sonunda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı. İlk dəfə Azərbaycana səfər edən qonağa Azərbaycan haqqında kitab hədiyyə olundu.