Akademik Urxan Ələkbərov: Ölkəmiz 2018-ci ildə inklüziv inkişaf sahəsində dünyada yüksək mövqe qazanıb
Okt 24 , 2018 – 09:13
Ölkəmiz 2018-ci ildə inklüziv inkişaf sahəsində dünyada yüksək mövqe qazanıb.
AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Elmi Şurasının birgə iclasında DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxışı zamanı deyib.
Akademik bu uğurun kökündə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi strategiyanın dayandığına diqqət çəkib. Qeyd edib ki, Davos İqtisadi Forumunun dəyərləndirmələrinə görə, respublikamız keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yeri tutur. Bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq, onlar arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan çox sayda dövlətlərdən irəlidədir. Azərbaycanın inklüziv inkişaf indeksləri ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya və başqa ölkələrin göstəricilərini üstələyir. Bu nailiyyət Azərbaycan Respublikasında iqtisadi, sosial və humanitar siyasətin ümumi inkişaf strategiyasının vacib istiqaməti olmasından xəbər verir.
U.Ələkbərov qeyd edib ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadadır. Son 15 ildə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında Prezident İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır.
Məruzədə idarəetmədə istifadə olunan bu yeni sinergetik, komplementar və kompensasion texnologiyalar və onların kompleks tətbiqi sayəsində qazanılan nailiyyətlər geniş təhlil edilib. Qeyd olunub ki, kompleks şəkildə vahid çoxkomponentli bir sistem kimi bu texnologiyalardan inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi üçün ilk dəfə Azərbaycanda istifadə edilib. Bu texnologiyalar ümumilikdə dövlət proqramlarının milli proqramlara çevrilməsini, onların reallaşdırılmasında vətəndaş cəmiyyəti və fərdi biznesin iştirakını, milli, xarici və beynəlxalq tərəfdaşların müştərək layihələr üzrə maraqlarına diqqətin artırılmasını nəzərdə tutur.
Məruzə dinlənildikdən sonra AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarına əsasən respublikada tətbiq edilən və beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilən idarəetmə texnologiyalarının tədqiqinin davam etdirilməsi məqsədəuyğun hesab olunub. Bundan başqa, qərarda elmi nəşrlərdə ölkənin inklüziv inkişaf sahəsində nailiyyətlərinin təhlili ilə bağlı multidissiplinar elmi tədqiqatların nəticələrinin dərc edilməsi, bu sahəyə dair ali məktəblər üçün xüsusi dərsliyin hazırlanması, orta məktəb proqramlarındakı müvafiq fənlər çərçivəsinə inklüziv inkişafa dair bilik və bacarıqlar aşılayan məlumatların daxil edilməsi və digər məsələlər yer alır.