DİA-da “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”nin növbəti məşğələsi keçirilib
Okt 05 , 2018 – 02:29
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev Mərkəzinin dəstəyi ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”nin növbəti açıq məşğələsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında olan əməkdaşlıq əsasında bu dəfəki açıq məşğələnin dinləyiciləri ASAN könüllülər idi.
Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi ilə tanışlıqdan sonra DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “Davamlı və inklüziv inkişaf üçün innovativ idarəetmə: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda məruzəsi dinlənilib.
Ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışan akademik U.Ələkbərov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Rektor bu gün əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını diqqətə çatdırıb. Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən akademik U.Ələkbərov son 15 ildə ölkəmizdə davamlı və inklüziv inkişaf üçün iqtisadi baza yaradıldığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Akademik U.Ələkbərov ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını da xüsusi vurğulayıb.
Rektor bildirib ki, qazanılan uğurların kökündə yalnız yaxşı idarəçilik, Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəetmə texnologiyaları və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun birgə fəaliyyətinin kombinasiyası dayanır. Qeyd edilib ki, 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yerdə qərarlaşaraq, iqtisadi göstəriciləri daha yüksək olan Avropa İttifaqı ölkələrini belə, geridə qoyub. Akademik U.Ələkbərov innovativ inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə Heydər Əliyev Fondunun önəmli fəaliyyətini diqqətə çatdırıb.
U.Ələkbərov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə DİA-nın yaradılmasının məqsədi dövlət idarəetmə sahəsi üçün gənc mütəxəssislərin hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunmasıdır. Dövlət qulluğu üçün gənc kadrların hazırlanması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan DİA-nın qarşısında çox məsul vəzifə durmaqdadır. Rektor ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəflərini, eləcə də davamlı inkişafa təsir edən amilləri beynəlxalq təşkilatların hesabatları ilə müqayisəli şəkildə gənclərin diqqətinə çatdırıb.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.