Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinlənilib
Sen 20 , 2018 – 03:28
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev Mərkəzinin dəsətyi ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə 2018-2019-cu tədris ilində bakalavriatura pilləsinə qəbul olan I kurs tələbələri ilk mühazirələrini dinləyiblər.
İlk mühazirəni deyən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verərək, qeyd edib ki, məktəb ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. O, Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb, bu gün əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını bildirib. U. Ələkbərov innovativ inkişaf strategiyasının reallaşdırılmasında ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusəndə Heydər Əliyev Fondunun önəmli fəaliyyətinə də diqqət çəkib.
O, qeyd edib ki, Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi dövlət idarəetmə sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi kimi müəyyən edilmiş, Akademiyanın yaradılması dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malik olması, dövlət qulluğu üçün kadrların hazırlanması, təkmilləşməsi və ixtisasının artırılması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olduğunu tələbələrin diqqətinə çatdırıb.
Mühazirədə ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inkişafa təsir edən amillər müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırılıb. Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor, çıxışında ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapdığı qeyd olundu.
Eyni zamanda o, qeyd edib ki, cari ildə beynəlxalq təşkilatların dərc etdirdikləri hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə, Azərbaycan hazırda dünya liderləri sırasındadır.
Ölkənin davamlı inkişafının əsas amilinin insan potensialı olduğunu vurğulayan akademik qeyd edib ki, 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Azərbaycan həmin tədbirlərdən çox əvvəl davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul edib. Respublikamızın “Böyük yeddilik” ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik deyib ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.
Mühazirənin sonunda tələbələrin suallarını cavablandırılıb.