Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ilk dərs günü ilə bağlı tədbir keçirilib
Sen 17 , 2018 – 03:02
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ilk dərs günü münasibətilə tədbir keçirilib.
Akademiyanın rektoru, akademik Urxan Ələkbərov professor-müəllim heyətini, tələbə və magistrləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin elm və təhsillə bağlı imzaladığı bir çox sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, müasir dövrdə ölkənin gücü onun təbii sərvətləri ilə yanaşı, insan potensialı ilə də müəyyən edilir. Rektor 2018-2019-cu tədris ilində Dövlət İdarəçilik Akademiyasına qəbul olanların əksəriyyətinin yüksək bal topladığını diqqətə çatdırıb. O, yüksək nəticələr göstərən gənclərin Dövlət İdarəçilik Akademiyasını seçməsini, bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, mərkəzi icra hakimiyyəti orqanları, müxtəlif nazirliklər, şəhər və rayon icra hakimiyyətlərində və digər dövlət orqanlarında çalışan 75 nəfər rəhbər kadrın Dövlət İdarəçilik Akademiyasında magistr təhsili almasını da olduqca əhəmiyyətli hesab edildiyini söyləyib.
Sonra Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, inzibati idarəetmə fakültəsinin dekanı, professor Xatirə Hüseynova və digər çıxış edənlər ilk dərs günü münasibətilə təbriklərini çatdırıblar. Onlar ölkəmizin nailiyyətlərinin əldə edilməsində Dövlət İdarəçilik Akademiyasının məzunlarının imzasının daha da çox olacağına inamlarını ifadə ediblər.
Qeyd edək ki, bu il 370 nəfər gənc Dövlət İdarəçilik Akademiyasını seçib.