Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
İyn 14 , 2018 – 04:20
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə güllər düzüb, əziz xatirəsini ehtiramla anıblar. Sonra konfrans DİA-nın nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə davam etdirilib.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan rektor dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini, Azərbaycanın çox sürətlə inkişaf etdiyini bildirib.
Rektor müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını müstəqillik tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu Öndərin Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyini xatırlatmışdır.
Rektor qeyd edib ki, bu gün dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi Latviya, Polşa, Rumıniya, Bolqarıstan, Xorvatiya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi Avropa İttifaqına üzv olan dövlətlərin göstəricilərindən yüksəkdir. U.Ələkbərov müstəqil Azərbaycanın uğurlu inkişafınında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu qeyd edib.
Elmi-praktik konfransda çıxış edən Milli Məclisin deputatı, DİA-nın “Siyasi araşdırmalar institutu”nun direktoru, professor Elman Nəsirov, Milli Məclisin deputatı, DİA-nın “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti Aydın Mirzəzadə, Siyasi idarəetmə fakültəsinin dekanı, professor, Qarabağ araşdırmalar mərkəzinin rəhbəri Elçin Əhmədov, Hüquq-1 kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev və digər məruzəçilər ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan bəhs edib, Ulu Öndərin Azərbaycanın dövlətçilik maraqlarını həmişə üstün tutduğunu vurğulayıblar. Məruzələrdə qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz müdrik, ağsaqqal sözünü dedi, vətəndaş qarşıdurmasının qarşısını aldı. Heydər Əliyevin xilaskarlıq missiyası tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə vaxtında və yenidən qayıdışı ölkəmizi məhv olmaqdan qurtarmış, onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirmiş, ölkədə sabitlik və əmin-amanlıq yaratmışdır.