loader image

Dia.edu.az

“Elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı tədbirlər” mövzusunda distant təlim keçirilib
İyn 05 , 2018 – 08:35

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birgə “Elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı tədbirləri” mövzusunda distant təlim keçirilib.

Distant təlimin əsas məqsədi ölkənin inkluziv inkişafı, elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı hədəflərin yeni istiqamətləri, strateji yol xəritələrinin icrasında yerli icra hakimiyyətlərinin rolu, strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilməsi: 2017-ci ildəki monitorinq və qiymətləndirmənin təhlili və.s kimi mövzular ilə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılmasıdır.

  Əsasən yerli icra hakimiyyətlərinin əməkdaşları üçün nəzərdə tutulan təlimdə, DİA-nın rektoru, akademik Urxan Ələkbərov, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı acılış nitqi ilə çıxış ediblər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Rektor Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi bir çox Avropa İttifaqına üzv olan dövlətlərin göstəricilərindən yüksəkdir.

Akademik U.Ələkbərov ölkənin beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna əhəmiyyətə malik elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı qərarların Azərbaycanın müasir tərəqqisində mühüm rolunu vurğulayıb. U.Ələkbərov Azərbaycanın uğurlu inkişafınında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu qeyd edib.

   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında aparılan davamlı iqtisadi islahatlar bəhrəsini verməkdədir. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçidlə bağlı, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, xidmətlərin elektron qaydada göstərilməsi sahəsində bu günədək bir sıra normativ aktlar qəbul edilib, hüquqi baza formalaşdırılıb.

  Vüsal Qasımlı vurğulayıb ki, məhz strateji ol xəritələrindən biri də Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına həsr edilib. Burada göstərildiyi kimi elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçiddə əsas məqsəd, xidmətlərin göstərilməsi zamanı vətəndaşlarla birbaşa təmasını aradan qaldırmaqla şəffaflığı təmin etmək həmçinin, xidmətlərin daha əlçatan olmasıdır.

   İcraçı direktor deyib ki, Azərbaycanın “Doing Business” hesabatında ən islahatçı ölkə statusunu saxlaması da təsadüfi deyil. Çünki, 2018-ci ildə açıqlanacaq “Doing Business-2019” hesabatında Azərbaycanın mövqeyinin gücləndirilməsini təmin edəcək – biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənilməsi, xarici ticarətin aparılması, müqavilələrin icrasının təmin edilməsi və müəssisənin bağlanması  – islahat istiqamətləri üzrə ciddi iqtisadi islahatlar aparılıb.

  Vüsal Qasımlı əlavə edib ki, İİTKM tərəfindən gerçəkləşdirilən Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, vahid online ixrac ərizəsi, EnterpriseAzerbaijan.com saytı kimi layihələr də rəqəmsal iqtisadiyyat quruculuğuna töhfədir.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn “Strateji yol xəritəsinin icrasında yerli icra hakimiyyətlərinin rolu”, mərkəzin makroiqtisadçısı Faiq Qasımlı “Strateji yol xəritəsinin monitorinqi və qiymətləndirilməsi” mövzularında mühazirələrlə çıxış ediblər.

Qeyd edək ki, distant təlim Prezident İlham Əliyevin “Elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı” Fərmanına əsasən keçirilib.