Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı elmi konfrans keçirilib
May 25 , 2018 – 11:57
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində “İnnovativ inkişafda dövlət və özəl sektorların qarşılıqlı münasibətlərinin idarə olunması” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında mühüm hadisə kimi dəyərləndirən rektor vurğulayıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən tarixi qiymətdir. O, ölkəmizdə unikal idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərini qeyd edib. Diqqətə çatdırıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətlər, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Beynəlxalq təşkilatların rəsmi məlumatlarına əsasən, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəricilərinə və sosial indikatorlara görə, dünya liderləri olan “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. 2018-ci ilin yanvarında keçirilən Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yerdə qərarlaşaraq, iqtisadi göstəriciləri daha yüksək olan bir sıra Avropa İttifaqı ölkələrini geridə qoyub. Akademik U.Ələkbərov bu uğurların kökündə yalnız mükəmməl idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun birgə fəaliyyətinin dayandığını bildirib. O qeyd edib ki, bu istiqamətdə və ümumiyyətlə, innovativ inkişaf strategiyasının formalaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir.
Sonra məruzə ilə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Cümhuriyyət xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Qısa müddətdə tarixi bir missiyanı yerinə yetirən Azərbaycan Xalq Cümhuriyyəti genişmiqyaslı islahatlar həyata keçirib.
İcraçı direktor müasir müstəqil Azərbaycanın uğurları haqqında danışaraq qeyd edib ki, dünya bazarında neftin qiymətinin dəyişməsindən sonra Azərbaycanda yeni ciddi islahatlar start götürüb. İndiki halda əsas hədəf əldə edilmiş makroiqtisadi nailiyyətlərin real sektorun orta və uzunmüddətli davamlı inkişafa transformasiya edilməsidir. Xüsusilə maliyyə-bank sektorunun sağlamlaşdırılması, biznes mühitinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planının icrası və investisiya qoyuluşunun artması ölkə iqtisadiyyatının inkişaf tempinin davam edəcəyini göstərir. Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dövlət-özəl sektor dialoqu üçün bir platforma olaraq islahatların inklüzivliyi, effektivliyi və kommunikasiyası istiqamətində bütün maraqlı tərəflərlə əməkdaşlığa hazır olduğunu da dilə gətirib.
Dövlət İdarəçilik Akademiyasının dekanı, professor Xatirə Hüseynova hazırda dünyada gedən siyasi və iqtisadi proseslərin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, qeyri-neft sektorunun əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə kimi prioritet istiqamətlərin ön planda olması zərurətini yaratdığını bildirib. O qeyd edib ki, qloballaşan dünyada yeni iqtisadi çağırışlar davamlı rəqabət üstünlüyü üçün bütün aspektlərdə innovasiya fəallığını, iqtisadi və təşkilati-idarəetmə yeniliklərini zəruri edir. X.Hüseynova, həmçinin biznes qurumlarının yeni auditoriya əldə etmək yollarının öyrənilməsi baxımından dövlət dəstəyinin vacib olmasına diqqət çəkib.
Sonra konfrans bölmə iclaslarında işini davam etdirib. Konfransın işində 30-dan çox dövlət qurumunun və özəl təşkilatın təmsilçiləri iştirak ediblər.