DİA-da “Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası: proses və nəticə” mövzusunda elmi konfrans keçirilib
May 08 , 2018 – 09:06
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası: proses və nəticə” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə güllər düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan rektor dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini, Azərbaycanın çox sürətlə inkişaf etdiyini bildirib.
DİA-nın dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, professor Əli Nuriyev, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Azər Səlimov, DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov mövzuya dair məruzələrlə çıxış ediblər. Məruzəçilər ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan bəhs edib, Ulu Öndərin Azərbaycanın dövlətçilik maraqlarını həmişə üstün tutduğunu vurğulayıblar.