Dövlət İdarəçilik Akademiyasında Türkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün növbəti təlim-seminar
May 01 , 2018 – 03:38
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) bu ali məktəb ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu arasında imzalanmış Anlaşma Protokolu çərçivəsində birgə yaradılmış “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”ndə Türkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün növbəti təlim-seminar keçirilib.
Türkiyənin Nazirlər Kabineti, Müdafiə, Ədliyyə, Daxili İşlər, Təhsil, Əmək və Sosial Müdafiə, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı, Ətraf Mühit və Şəhərsalma, Rabitə və Nəqliyyat nazirliklərinin, Miqrasiya İdarəsi və digər mərkəzi qurumlarının yüksək vəzifəli dövlət qulluqçularının iştirak etdikləri tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “Davamlı və inklüziv inkişaf üçün səmərəli idarəetmə: Azərbaycan təcrübəsi” mövzusunda məruzəsi dinlənilib.
Ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışan akademik U.Ələkbərov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Rektor bu gün əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını diqqətə çatdırıb. Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən akademik U.Ələkbərov son 15 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradıldığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Akademik U.Ələkbərov ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını da xüsusi vurğulayıb.
Rektor bildirib ki, qazanılan uğurların kökündə yalnız yaxşı idarəçilik, Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəetmə texnologiyaları və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun birgə fəaliyyətinin kombinasiyası dayanır. Qeyd edilib ki, 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yerdə qərarlaşaraq, iqtisadi göstəriciləri daha yüksək olan Avropa İttifaqı ölkələrini belə, geridə qoyub. Akademik U.Ələkbərov innovativ inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə Heydər Əliyev Fondunun önəmli fəaliyyətini diqqətə çatdırıb.
Təlim-seminarda DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov “Azərbaycan-Türkiyə münasibətləri”, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə “Xalq diplomatiyası” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzəçilər Azərbaycan və Türkiyənin regionun güc mərkəzləri olmaqla yanaşı, eyni zamanda, elm, bilik mərkəzi kimi formalaşması baxımından əhəmiyyətini qeyd edib, hər iki ölkənin dövlət qulluqçularının təcrübə mübadiləsi aparmalarının, kadr potensialının təkmilləşdirilməsi sahəsində həyata keçirilən təşəbbüslərin önəmliliyini diqqətə çatdırıblar.
Sonra suallar cavablandırılıb.