loader image

Dia.edu.az

DİA-da seminar: “Heydər Əliyev və Azərbaycan Respublikasının müasir gömrük siyasəti”
Apr 05 , 2018 – 07:49

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə “Heydər Əliyev və Azərbaycan Respublikasının müasir gömrük siyasəti” mövzusunda seminar-məşğələ keçirilib.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Rektor Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi Latviya, Polşa, Rumıniya, Bolqarıstan, Xorvatiya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi Avropa İttifaqına üzv olan dövlətlərin göstəricilərindən yüksəkdir.

Akademik U.Ələkbərov ölkənin beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna əhəmiyyətə malik gömrük sisteminin Azərbaycanın müasir tərəqqisində mühüm rolunu vurğulayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) fəxri üzvü, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycan Respublikasının gömrük sisteminin ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun formalaşdığını, Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində inkişaf edərək dövlət müstəqilliyinin əsas atributlarından biri olan çoxfunksiyalı kompleksə çevrildiyini bildirib.

Ölkəmizdə gömrük xidmətinin inkişaf mərhələləri, gömrük siyasəti, gömrük orqanlarının fəaliyyət mexanizmi barədə məlumat verən A.Əliyev diqqətə çatdırıb ki, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və dövlət büdcəsinin formalaşmasında DGK-nın rolu artıb.

Komitə sədri ölkədə gömrük sisteminin təkmilləşdirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında reallaşdırılan tədbirlərin əhəmiyyətindən bəhs edib. A.Əliyev vurğulayıb ki, Azərbaycanda gömrük sistemi uğurla fəaliyyət göstərir və bu gün Heydər Əliyev siyasi xəttini əzmlə davam etdirən Prezident İlham Əliyev Azərbaycan gömrüyünün daha da təkmilləşdirilməsinə xüsusi önəm verir.

Sonda tələbələrin sualları cavablandırılıb.