loader image

Dia.edu.az

“Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusunda tələbələrlə müzakirə aparılıb
Mart 19 , 2018 – 10:28

Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasında  Azərbaycan  Respublikasının    “Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusuna həsr edilmiş görüş keçirilmişdir.

Görüşdə Akademiyanın “Hümanitar və sosial məsələlər üzrə” prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev aktual mövzulara həsr olunmuş bu kimi görüşlərin vacibliyini qeyd edib. O, dövlət tərəfindən aparılan multikulturalizm siyasətinin Azərbaycanın brendinə çevrildiyini vurğulayaraq Multikulturalizmin  Azərbaycanda əsrlərdən bəri formalaşan bir dəyər olduğunu qeyd etmişdir.

Daha sonra Prezident Administratsiyasının    “Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər” şöbəsinin müdiri, professor  Etibar Nəcəfov “Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusunda geniş çıxış edib. O, multikulturalizmin dünya praktikasına nəzər yetirərək, ölkədə bu səpkidəki mövcud durum haqqında fikirlərini bölüşüb. Diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Bu siyasətin Azərbaycanda bərqərar olmasında ulu öndər Heydər Əliyevin rolu böyükdür. Müasir dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Multikulturalizm təzahürlərindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır. Bu isə özünü dini azadlıqların təmin edilməsində, bütün dinlərin və dini məzhəblərin qanun qarşında bərabər olmasında, onların fəaliyyətinə dövlət tərəfindən dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir. Multikulturalizm siyasəti dövlətin inkişafında mühüm rol oynayır. Ölkəmiz dünyada multukulturalizm mərkəzi kimi tanınır və onun bu sahədə rolu yüksək qiymətləndirilir, təcrübəsi öyrənilir.

Professor Etibar Nəcəfov qeyd edib ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqidir. Bu istiqamətdə Azərbaycan böyük uğurlara imza atıb. Son zamanlar bir – birinin ardınca ölkəmizdə baş tutan beynəlxalq səviyyəli tədbirlər bunun bariz nümunəsidir. 
         Görüş tələbələrin fəal iştirakı şəklində keçmiş, onlar mövzu ətrafında öz fikirlərini bildirmişlər. Sonda gənclər adından DİA–nın gənclərlə iş üzrə məsul şəxsi Zaur Məmmədov çıxış edərək mövzu ətrafında baş tutan  maraqlı diskussiya üçün təşəkkürünü bildirmişdir.