Dövlət İdarəçilik Akademiyasının tələbələri elmi işlərinin nəticələrini poster formatında təqdim ediblər
Mart 06 , 2018 – 11:49
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) magistrant və bakalavrların elmi və yaradıcılıq potensialına dəstək göstərilməsi məqsədilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndəki hədəf göstəricilərinə həsr olunmuş birinci poster sessiyası formatında “Azərbaycan Respublikası innovativ sosial-iqtisadi inkişaf dinamikası” mövzusunda konfrans keçirilib.
Konfransın keçirilməsinin məqsədi Azərbaycanda dövlət siyasətinin əsas strateji vəzifələrin reallaşdırılmasında, biliktutumlu iqtisadiyyatın qurulması istiqamətində, elm və texnologiyanı inkişaf etdirməkdə ali təhsil müəssisələrinin əhəmiyyətini vurğulamaq, təhsilalanların intellektual potensial və bacarıqlarını üzə çıxarmaqdır.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın qısa müddətdə innovativ davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq oduğunu söyləyib. Diqqətə çatdırılıb ki, BMT-nin və Dünya Bankının dərc etdirdiyi hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə Azərbaycan hazırda dünya liderləri sırasındadır. Rektor bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını bildirib. U.Ələkbərov Azərbaycanın innovativ inkişaf strategiyasının reallaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əhmiyyətini xüsusi qeyd edib.
Sonra DİA-nın inzibati idarəetmə fakültəsinin dekanı, professor Xatirə Hüseynova uğurlu iqtisadi siyasət nəticində ölkədə davamlı və həyat səviyyəsinə uyğun inkişaf xəttinin müəyyənləşməsindən, son illər Azərbaycanda olan inkişaf trendləri və müxtəlif sahələrdə həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətindən danışıb.
Konfransda Strateji Yol Xəritəsində irəli sürülən istiqamətlərdə elmi tədqiqatların aparılmasının, elmi cəhətdən əsaslandırılmış və reallaşması mümkün olan təklif və tövsiyələrin verilməsi baxımından keçirilən poster sessiyasının əhəmiyyəti vurğulanıb.
Sonra DİA-nın inzibati idarəetmə fakültəsinin tələbələri öz elmi işlərinin nəticələrini poster formatında təqdim ediblər.
Sonda ən yaxşı təqdimatla çıxış edənlərə sertifakatlar verilib.