loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fev 23 , 2018 – 05:36

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunan elmi konfrans keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətdiyini deyib. Bildirilib ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işində dövlət strukturları ilə yanaşı, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır. Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb.

Sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş etdirilib.

DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, Qarabağ Araşdırmalar Mərkəzinin müdiri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, tarix elmləri doktoru, professor Musa Quliyev, hüquq elmləri doktoru, hüquq–2 kafedrasının professoru Namiq Əliyev, politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ülviyyə Haqverdiyeva, siyasi idarəetmə fakültəsinin tələbəsi, Xocalı sakini Rza Mustafayev və digər çıxış edənlər Xocalı soyqırımını Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən biri olduğunu diqqətə çatdırıblar. Onlar faciəyə siyasi-hüquqi qiymət verilməsi, onun bütövlükdə insanlıq əleyhinə cinayət faktının olması, analoji faciələrlə müqayisədə təhlili barədə fikir və mülahizələrini irəli sürüblər.

Çıxış edənlər Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar. Vurğulanıb ki, bu kampaniya beynəlxalq ictimaiyyəti Xocalı faciəsi barədə məlumatlandırmaqla yanaşı, dünyada oxşar hadisələrin cərəyan etməməsinə çağırış məqsədi daşıyır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər artıq öz nəticələrini verir.