loader image

Dia.edu.az

“Dövlət qadın siyasəti”nin həyata keçirilməsində gender məsələləri üzrə məsul şəxslər üçün təlim keçirilmişdir
Noy 27 , 2017 – 03:23

21-23 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qadın siyasəti”nin həyata keçirilməsində gender məsələləri üzrə məsul şəxslər üçün təlim keçirilmişdir. Təlimə dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.

            Təlimin əsas məqsədi Gender haqqında ümumi məlumat, Azərbaycan Respublikasının gender siyasəti və beynəlxalq öhdəliklər, cinsi mənsubiyyətə görə ayrı-seçkilik nədir, “Gender bərabərliyinin (kişi və qadın) təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun izahı, gender məsələləri üzrə məsul şəxslərlə bağlı ümumi məlumat, onların gender siyasətinin həyata keçirilməsində rolu, beynəlxalq təcrübədə gender məsələlərinə məsul şəxslərin funksiyaları və fəaliyyəti üsulları və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

             Təlim ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva, şöbə müdirləri Taliyə İbrahimova, Elgün Səfərov, baş məsləhətçi Aynur Veysəlova, AMEA-nın Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadə, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, BMT-nin Əhali Fondu Azərbaycan Nümayəndəliyinin gender üzrə proqram müşaviri Bəhicə Əliyeva, Dövlət Statistika Komitəsinin Əhali Statistika şöbəsinin gender statistikası sektorunun müdiri Zəbihə Əsgər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sektor müdiri Xanım İsgəndərova müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

            Təlimin sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov, Akademiyanın I (tədris işləri üzrə) prorektoru professor Əlikram Abdullayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva dinləyicilər qarşısında çıxış etmiş və onlara təlimi müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək   gələcək işlərində uğurlar arzu etmişlər.