Dövlət İdarəçilik Akademiyasında “Bilik yarışı” keçirilmişdir
Noy 08 , 2017 – 09:55
8 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən DİA Hüquq Klubu təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı günü və 12 Noyabr Konstitusiya gününə həsr olunmuş “Bilik yarışı” təşkil etmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbər açmışdır. O, Dövlət Bayrağı günü və Konstitusiya gününün yaranma tarixindən, müasir Azərbaycanımızın bu yolda keçdiyi sınaqlardan, uğurlardan danışmışdı. Bildirmişdi ki, yarışın əsas məqsədi yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək, tələbələr arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaq, dünyagörüşünü və elmə olan maraqlarını yüksəltməkdir.
Bilik yarışında ümumilikdə 10 komanda iştirak etmişdir. Maraqlı keçən yarışmanın final mərhələsinə 2 komanda “The Dominators” və “Qvardiya” komandası vəsiqə qazanmışdır. Final mərhələsində İnzibati İdarəetmə fakültəsinin tələbələrindən ibarət “Qvardiya” komandası qalib gəlmişdir. Bilik yarışının yekununda DİA-nın humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayev və “Hüquq-1” kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev qalib komandaları təbrik etmiş və onlara xatirə hədiyyələri təqdim etmişlər.