Azərbaycanın müstəqilliyinin bərpası xalqımızın tarixində böyük hadisədir
Okt 18 , 2017 – 09:27
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bu ali təhsil ocağında fəaliyyət göstərən, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılmış Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dövlət müstəqilliyimizin bərpasının iyirmi altıncı ildönümünə həsr olunan elmi konfrans təşkil edib.
Heydər Əliyev Mərkəzinin nümayəndələrinin də iştirak etdikləri tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.
1988-1992-ci illərdə Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan rektor 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin bu təhlükədən xilas olduğunu, böyük inkişaf yoluna çıxdığını bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın dinamik inkişafını təmin edən uğurlu islahatların həyata keçirilməsi Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır.
Müstəqil ölkəmizdə qazanılan nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayan akademik U.Ələkbərov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini söyləyib. Qeyd olunub ki, bu gün Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub.
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, inzibati idarəetmə fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Xatirə Hüseynova və digər məruzəçilər də 26 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, Heydər Əliyev ideyalarının, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıblar.