“Cümhuriyyətə gedən yol” mövzusunda konfransda elmi məruzələr dinlənilib
Sen 28 , 2017 – 08:45
Sentyabrın 28-də Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Cümhuriyyətə gedən yol” mövzusunda elmi-praktik konfrans keçirilib.
Elmi konfrans Rusiyada Fevral inqilabının, Qafqaz və Ümumrusiya müsəlmanları qurultaylarının 100 illiyinə və Bakının azad olunmasının 99 illiyinə həsr olunub.
Tədbirdə qurumun Elmi-Mədəni Mərkəzinin elm şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva çıxış edərək konfransın elmi əhəmiyyətindən danışıb və bildirib ki, baş verən hadisələrdən bir əsrlik zaman ötməsinə baxmayaraq, gənc nəslin bunları bilməsi olduqca vacibdir.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı bu il mayın 16-da imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayan natiq bununla bağlı Qoruq İdarəsində tədbirlər planının hazırlandığını və il ərzində bu cür tədbirlərin bir çox qurumlarla, ali məktəblərlə əməkdaşlıq şəraitində keçiriləcəyini qeyd edib: “Bu gün konfransda ölkəmizin tanınmış alimləri, cümhuriyyət tədqiqatçıları, arxivlərdə illərlə işləyən mütəxəssislər, yeni tədqiqatçılar iştirak edirlər. Onlar maraqlı məruzələrlə çıxış edəcəklər. Bu məruzələr kitab şəklində çap edilərək təhsil müəssisələrinə paylanılacaq. İnanıram ki, bu toplu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mühüm töhfə olacaq”.
Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki əvəzsiz yerindən danışaraq konfransı tariximizin öyrənilməsində növbəti addım kimi qiymətləndirib.
Daha sonra konfransda “Azərbaycan milli hərəkatında Fevral inqilabının rolu və əhəmiyyəti”, “Rusiya müsəlmanlarının azadlıq mübarizəsində Azərbaycan milli hərəkatının yeri”, “Azərbaycan milli hərəkatının əsasları”, “Azərbaycan muxtariyyəti və bolşeviklərin mövqeyi”, “Ə.M.Topçubaşovun ictimai-siyasi fəaliyyəti”, “Qafqaz müsəlmanları qurultayının Azərbaycan milli hərəkatında yeri”, “Birinci Dünya müharibəsinin əvvəllərində Osmanlı dövlətinin Qafqaz siyasəti və müstəqil Azərbaycan ideyası” mövzularında məruzələr dinlənilib.